Açıqlanan statistik rəqəmlərə əsasən, bu il Azərbaycanda iki nəfər quduzluqdan dünyasını dəyişib. Son zamanlar it dişləməsi və ya cırmaqlaması ilə bağlı yayılan xəbərlərin sayı artıb. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva media nümayəndələrinə açıqlamasında deyib ki, son zamanlar it dişləməsi ilə müraciət edənlərin sayı artıb.
Bu il ərzində ölkədə iki nəfər quduzluqdan dünyasını dəyişib: “Hər iki hal it dişləmiş insanların vaxtında və düzgün vaksinasiya edilməməsi nəticəsində baş verib. Quduzluq halları o halda baş verir ki, insanlar peyvəndə etinasız yanaşırlar. Bu il öz həyətindəki itin cırmaqladığı şəxslərdən biri vaksinasiya üçün müraciət etməyib. Digər şəxs isə 3 vaksin vurdurduqdan sonra onu davam etdirməyib. Nəticədə hər iki hal ölümlə sona çatıb".
Ekspertlər isə bildirirlər ki, it dişləmiş insanlar vaxtında vaksin olunmurlar. Bunun müxtəlif səbəbləri var. Həm insanların özləri itin dişləməsini ciddi qəbul etmir, ya da poliklinikalarda həmin an vaksinin olmadığını, bir müddət sonra vaksin olacağı qeyd edilir. Təbii ki, bu halda həmin insanın sağlamlığına və ən əsası həyatına təhlükə yaradır.
Adil Qeybulla: “… vaxtında tədbir görülmədikdə artıq xəstəlik qana keçir”
Tibbi ekspert, professor Adil Qeybulla bizimlə söhbətində qeyd etdi ki, quduzluq xəstəliyinə yoluxmamaq üçün ilk növbədə bunu yayan heyvanlardan uzaq durmaq lazımdır. "Çünki quduzluq insanlara, elə heyvanların özlərinə də onlardan keçir. Ona görə də sahibsiz heyvanları, küçə itlərini daim nəzarətdə saxlamaq lazımdır. Onları aidiyyəti qurumlar ya öz nəzarətlərinə götürməli, ya da məhv etməlidirlər”.
Tibb ekspertinin sözlərinə görə, quduzluğa yoluxmaların artmasına əsas səbəb həmin xəstəliyin daşıyıcıları olan itlərin nəzarətsiz qalmasıdır. "Bəzən görürsən ki, yemləmə zamanı da təsadüfi hücumlar nəticəsində insanlar quduzluğa yoluxurlar”.
Müalicə tədbirlərinə gəldikdə isə, həkim-ekspert vurğuladı ki, quduz itlərlə təmasda olan şəxslər dərhal quduzluq əleyhinə vaksinlərdən istifadə etməlidirlər. Bunu nə qədər erkən etsələr, nəticələri də bir o qədər yaxşı olar: "Vaxtında tədbir görülmədikdə artıq xəstəlik qana keçir, çoxalmağa başlayır və onun müalicəsi mümkün olmur. Artıq xəstəlik insanın sinir hüceyrələrini məhv edir və insan aqressivləşir. Sudan, qandan qorxmağa başlayır. Təbii ki, sinir hüceyrələrinin məhvi nəticəsində də tədricən insanlar öz həyatlarını itirirlər. Ona görə də heyvanların hücumuna məruz qalan insanlar mütləq vaksinasiya edilməlidirlər. Xəstəlik gecikmiş olanda onun müalicəsi mümkünsüz olur. Xəstə şəxslərin perspektivi yoxdur, ona görə də xəstəliyin klinik əlamətləri ortaya çıxana qədər mütləq vaksinasiya olunmaq lazımdır”.
Həmsöhbətimiz onu da vurğuladı ki, quduzluğa yoluxmuş insanlar xüsusi otaqlarda, həkimlərin müşahidəsi altında saxlanırlar. Onlar cəmiyyətdən təcrid edilirlər.
Günel CƏLİLOVA