Lerik rayonunda sosial problemlərin məngənəsində sıxılan kəndlər çoxdur.
Sovet dağılandan sonra xalqa, cəmiyyətə başçılıq edənlərin gözündən-könüldən uzaq düşən Daster ərazisində yaşamaq artıq olduqca çətindir. Hər cür öz vətəndaşın qayğısına qalan Azərbaycanda olan həyat tərzini görəndə Daster, Hamarat, Bradi və Dızidpok kəndlərini əhatə edən bu ərazini istər-istəməz ən geridə qalmış bir ölkəyə aid etmək istəyirsən. Çünki sadə bir həyat yaşamaq üçün burada adi şərait belə yoxdur.
Ərazinin işıq məsələsi bərbad haldadır. Gün olmur ki, burada 4-5 dəfə işıqlar sönməsin. 9 ildən çox idi kəndlərə təbii qazın verilməsi haqqında söhbət gəzirdi. Sən demə bu da yalan imiş. Elə bu yalanın nəticəsidir indi yandırmağa yanacaq tapmaq müşkül məsələyə dönüb. Ərazidən rayon mərkəzinə getmək üçün ictimai nəqliyyatın yoxluğu böyük çətinliklərə səbəb olur. Sahibsizlik üzündən şəhərə düşməyə imkanı olmayan adamlara köhnə ərzaqları üç qat baha qiymətə satmaq adi hal almışdır. Ümumiyyətlə, hər dörd kəndin sosial həyatından danışmağa yaxşı heç nə yoxdur.
Dasterlilərin ruzisi əzəldən torpaqdan çıxıb. Sovet vaxtı çəkdikləri halal zəhmətləri hesabına özlərinə yaraşıqlı, hər cür şəraiti olan ev tikənlərin say bilinmirdi .Bütün bunlar yaxın keçmişdə qaldı. O dövrün təmtəraqlı evlərin görkəmi indi ürək ağıradır. Daim deyib-gülən, üz-gözündən firavanlıq yağan kənd adamları dərd-sər əlindən girinc olublar. Rayon rəhbərlərin günahı üzündən yaranan çətinliklər, ziddiyyətlər , maddi-mənəvi ehtiyac hər an adamı sınağa çəkir. Ərazini birləşdirən dörd kəndin yaxın keçmişi bu günündən qat-qat işıqlı idi. Azərbaycan hər cür inkişaf yolunda olsa da, onun kiçik bir parçası olan Daster ərazisi hazırda başdan-başa problemlərin içində boğulur. Odur ki, buranın əhalisi sovet vaxtı olan firavan günlərin həsrəti ilə yaşayır.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü