20/05/2019 01:05
728 x 90

Məscidin axundunun iş yerində dollar saxlaması...

img

Xəbər verildiyi kimi, Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən məsciddə axundun iş otağından oğurluq edilib. Bildirilir ki, zərərçəkən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək, otağın qapısının naməlum şəxs tərəfindən qırıldığını və oradan 1500 manat, eləcə də 500 ABŞ dollarının oğurlandığını deyib.

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Mirzəyev saxlanıb. Saxlanan şəxs ifadəsində törətdiyi əməli etiraf edib.

Bu cinayət əməlində diqqətimizi bir məqam xüsusilə çəkdi. Axundun otağından oğurlanan pulların əskinasları xüsusilə maraqlı görünür. Söhbət oğurlanan pulun bir qisminin dollarla olmasından gedir. Düzdür, Azərbaycanda xarici valyuta saxlamaq, gəzdirmək cinayət əməli sayılmır. Ancaq Azərbaycan müstəqil dövlət olduğu üçün, xidmət sektorunda bütün hesablaşmalar milli valyuta ilə həyata keçirilir, xüsusən də məscidlərdə. Bu baxımdan maraqlıdır, axundun iş otağında 500 ABŞ dolları niyə saxlanır? Təbii ki, hadisə onun evində olsaydı, bu təəccüblü görünməzdi. Ancaq nəzərə alsaq ki, bu pul məsciddən oğurlanıb, o zaman bu qəribə təəssürat yaradır. Çünki məscidə daxilolmalar orada göstərilən xidmətlərə görə olur. Kimsə nəzir verir, ölü yuyulmasına görə ödəniş edilir. Quran oxudan olur və buna görə ödəniş edilir. Yəni müəyyən bir xidmətlər var ki, onlar da məsciddə dollarla aparılmır. O baxımdan 500 dolların axundun iş otağında olması qəribə görünür. Mənəvi baxımdan bu nə dərəcədə doğrudur?

  • Seyid Camal Əzimbəyli: “Axundlar bu kimi məsələlərə diqqət etməlidirlər”

Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, məscidin adının belə məsələlərdə hallandırılması yaxşı deyil: “Məscid axundları bu kimi məsələlərə diqqət etməlidirlər. Bəlkə də kimsə məscidə yardım məqsədilə 500 dollar ianə verib. Bunu demək çətindir. İstənilən halda, məscid ibadət yeridir. Belə halların yaşanması yaxşı deyil”.

  • Tural İrfan: “Məscid ibadət yeridir, ora puldəyişmə yeri deyil ki, xarici valyuta toplansın”

İlahiyyatçı Tural İrfanın sözlərinə görə, bilmək olmur həmin axund rəsmidir, yoxsa qeyri-rəsmi: “Hər bir şəxsin özünün iş yerində müəyyən vəsaiti ola bilər. Ancaq, ümumilikdə, belə halların yaşanması doğru deyil. Bunun da bir sıra səbəbləri var. Axundların, məscidlərdə xütbə, moizə oxuyan və dini təbliğ edən ruhanilərin əksəriyyəti bizim milli adət-ənənələrimizə, həqiqətən mötədil islam dininə etiqad etməyənlərdir. Bunların əksəriyyəti xaricdən mayalanan insanlardır. Xaricdə təhsil almış, orada formalaşmış “islamın” təsiri altında olan insanlardır. Onlar da hərəsi öz məzhəbinə uyğun olaraq dini təbliğat aparır. Ona görə də belə xoşagəlməz hallar yaşanır. İstənilən halda, məsciddə belə halların yaşanması yaxşı deyil. Çünki məscid ibadət yeridir, ora puldəyişmə yeri deyil ki, xarici valyuta toplansın. Xalça, palaz oğurlansaydı, bu qəribə görünməzdi. Məsciddə xarici valyutanın olması, bunun oğurlanması kənardan başqa cür başa düşülür”.

Vidadi ORDAHALLI

Son xəbərlər