19/07/2019 12:49
728 x 90

Bakı restoranlarında müştərilər əleyhinə yeni tələ - “depozit”…

Eyyub Hüseynov: “… həmin restoranı boykot etməklə…”

img

Son zamanlar Bakıda müştərisi bol olan restoranlar depozit əsasında fəaliyyət göstərməyə başlayıblar. Müştəri masa arxasına əyləşdikdə, nə sifariş verməsindən asılı olmayaraq, restoranın minimum məbləğini ödəməlidir. Bu məbləğ isə adətən 50 manatla 150 manat arasında dəyişir. Araşdırmalara görə, restoranlarda depozit tələbi ilk olaraq “Neolit”də tətbiq olundu. Daha sonra isə digər restoran və iri çay evləri də depozit tələbini tətbiq etdilər.

Qeyd etdiyimiz kimi, restoranlarda depozit məbləği 50-150 manat arasında dəyişir. Çay evlərində isə 50-100 manat dəyərində depozit tələb olunur.

Depozitlərin digər məqsədi müştəriləri müəyyən maddi-sosial təbəqədə formalaşdırmaqdır. Belə depozitlər, əsasən, həftəsonu günün ikinci yarısında və ya xüsusi günlərdə daha çox tətbiq edilir və əvvəlcədən müştəriyə məlumat verilir. Təbii ki, bu hal isə bəzi vətəndaşların haqlı narazılığına səbəb olur.

Restoran rəhbərləri qeyd edirlər ki, son illər ölkəyə gələn turistlərin sayı çox olduğu üçün, onlar depozit tələbini tətbiq etməyə başlayırlar. Əgər yerli vətəndaş depozit ödəməyib restoranın hansısa kabinetində oturmaqdan imtina edərsə, o zaman əcnəbi turist 50 manatlıq depozitin ikiqatını ödəyib məkanda əyləşib istirahət edəcək.

  • “Bu, istehlakçıların hüquqlarının pozulması deməkdir”

Restoranların depozit tələb etməsinə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu hal qanunla tənzimlənmədiyindən, restoranlar sui-istifadə edirlər: “Müştərilər bu hala yalnız həmin restoranı boykot etməklə cavab verə bilərlər ki, sahibkar qaydaları ləğv etməyə məcbur olsun”.

Onun sözlərinə görə, əksər inkişaf etmiş ölkələrdə restoranlar müştəridən depozit tələb etmirlər: “Restoranların müştəridən depozit tələb etməsi “beh” almaq kimi başa düşülür. Bu, istehlakçıların hüquqlarının pozulması deməkdir. Bu cür ödənişin tələb olunması tamamilə qanunsuzdur. Bu, birbaşa Azərbaycan turizminin inkişafına zərbədir. Biznes qurumu öz xidmətinə görə qiymət qoya bilər, ancaq yemək yeyilmədən, sadəcə, rezerv üçün əlavə depozit tələb etməsi düzgün deyil”.

Günel CƏLİLOVA

Son xəbərlər