Məlahət Mürşüdlü: “Yeni qanun layihəsində məktəblərdə psixoloqların təyinatı məsələsi də nəzərdə tutulub”
Azərbaycan orta ümumtəhsil məktəblərində ixtisaslı psixoloq çatışmazlığı özünü göstərir. Araşdırmalara görə, Azərbaycanda 1000-1500 şagirdə bir psixoloq düşür. Mütəxəssislərin bildirdiyinə görə, Azərbaycan məktəblərində əlavə psixoloq ştatı yaradılmalıdır ki, onlar şagirdlərlə məqsədyönlü işlər apara bilsinlər.
Qeyd edək ki, 162 saylı orta məktəbdə baş verən olaydan sonra məktəb psixoloqlarının sayının artırılması aktuallaşıb.
Tanınmış təhsil eksperti Məlahət Mürşüdlü “Bakı-Xəbər”ə bildirdi ki, Milli Məclisdə ikinci oxunuşdan keçən yeni “Təhsil haqqında” qanun layihəsində məktəblərdə psixoloqların sayı və fəaliyyətinin təmin olunması ilə də bağlı bəndlər yer alıb. O hesab edir ki, qanun layihəsi sentyabra qədər qəbul olunsa, məktəblərdə bu problemin həlli istiqamətində addımlar atılacaq. “Yeni qanun layihəsində məktəblərdə psixoloqların təyinatı məsələsi də nəzərdə tutulub. Düşünürəm ki, bu qanun layihəsi sentyabra qədər Milli Məclis tərəfindən təsdiq olunacaq və buna uyğun addımlar atılacaq. Yəni qanun layihəsində məktəb psixoloqlarının sayının artırılması kimi məsələlər nəzərə alınıb. Ancaq məsələ burasındadır ki, bizim məktəblərdə təhsilli psixoloq kadrlarının çatışmazlığı müşahidə olunur. Hesab edirəm ki, bu istiqamətdə ali məktəblərdə qəbul sayını artırmaq lazımdır. Ona görə ki, məktəblərimiz tam olaraq ixtisaslı psixoloq kadrları ilə təmin olunsunlar. Təkcə Bakı və digər şəhər məktəblərinə deyil, rayon və kənd məktəblərinə də psixoloqlar lazımdır. Bunu da nəzərdən keçirsək görərik ki, psixoloqların sayı tələbatı ödəmir. Düşünürəm ki, bununla yanaşı, addımlar atılmalı, builki qəbul imtahanlarında ali məktəblərin psixologiya fakültələrinə qəbul olunanların sayı artırılmalıdır” - deyə M.Mürşüdlü bildirdi.
İradə SARIYEVA