Ədalət naminə deyək ki, zibilxanalarla bağlı Bakının 10-15 il əvvəlki vəziyyəti ilə indisi arasında çox böyük fərq var. Dövlət paytaxtın abadlığına böyük vəsait ayırır, yerli icra orqanları isə gərəkli işləri görürlər ki, Bakının regional və dünyəvi mərkəzə çevrilməsinə kölgə sala biləcək ləkələr peyda olmasın. “Təmiz şəhər” Cəmiyyətinin yaradılması isə, ümumiyyətlə, bu sahədə əsl inqilabi yenilik effekti verdi.
Ancaq təəssüf ki, heç də hər yerdə əlaqədar məmurlar paytaxtın təmizliyi və ekoloji taralığın qorunması sahəsində şəxsən cənab Prezidentin müəyyən etdiyi tələb və normalar çərçivəsində davrana bilmir. Nəticədə həm Prezidentin həyata keçirdiyi işlərə kölgə salınır, həm də Bakının gözəl görüntüsü artan böyük turist axını və beynəlxalq mötəbər tədbirlər fonunda bərbad günə qalır. Belə bir mənzərəni necə təsəvvür edirsiz ki, Şıx çimərliyi tərəfdən Salyan şossesi ilə Bakıya daxil olan tanınmış hansısa bir əcnəbinin avtomobili hərəkət etdiyi anda yan və ön şüşələrinə zibilli sellofan torbalar yapışır...
Redaksiyamıza zəng vuraraq özlərini Salyan şossesi 32-nin sakinləri kimi təqdim edən vətəndaşlar bunları dedilər:”Salyan 32 deyilən massivdə yaşayırıq. “Panorama” restoranı, “Green sity” deyilən yerin arxasındayıq. Gözəl və təmiz yaşayış yeridir. Ancaq belə təmiz qalmasına imkan vermirlər. Həftədə bir ya iki dəfə Səbail rayon təmizlik işçiləri zibil dolu avtomobillərlə gəlir və zibili bu yerlərə töküb gedirlər. Bizim mətbuata şikayətimizdən sonra orada bir müddət fasilə yarandı. İndi yenə başlayıblar. Külək qalxan kimi gətirilmiş məişət tullantıları həyətlərimizə, evlərimizə tökülür. Sanki “pir” həyətində yaşayırıq – ağacların budaqlarına sellofan torba qırıntıları asılıb. Bizi qurtarın, etirazımızı əlaqədar qurumlara çatdırın”.
Qeyd edək ki, sakinlərin xahişilə biz də ərazidə olduq və fakt təsdiqini tapdı.
Güman edirik, Səbail Rayon İcra Hakimiyyəti yerli sakinlərin narahatlığını görəcək, etirazını eşidəcək və camaatın başına “zibil ələyən” məmurların özbaşınalığını durduracaq.
Namiq QULİYEV