Rəsul Cahangirli: “Belə olarsa, o zaman piyadaların həyatı üçün yaranan risqlər azalar”
Azərbaycanda təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə avtomobil yollarında hərəkətin sıxlığı azaldılacaq. Bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir.
Qeyd olunur ki, 2019-2020-ci illərdə iri yaşayış məntəqələrindəki təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə avtomobil yollarında hərəkət sıxlığını azaltmaq məqsədilə küçə-yol şəbəkəsinin xüsusiyyətləri və digər təhlükəsizlik meyarları nəzərə alınmaqla yol hərəkətinin təşkilinə dair təkliflər hazırlanacaq. Təhsil müəssisələrinin bilavasitə yaxınlığında yerləşən küçə-yol şəbəkəsində müvafiq sürət məhdudiyyəti müəyyən ediləcək və yol hərəkəti təşkilinin texniki vasitələrinin tətbiqinə xüsusi diqqət yetiriləcək.
Bununla yanaşı, müvafiq qurumlara atomobil yollarında hərəkət sıxlığının və tıxacların yaranması səbəblərinin müəyyən edilməsi, təhlillər aparılması və tıxacların qarşısının alınması üçün müvafiq təkliflər hazırlanması və tədbirlər görülməsi tapşırılıb. Həmçinin, avtomobil yollarının buraxma qabiliyyətini artırmaq məqsədilə araşdırmalar aparılması və müvafiq təkliflər verilməsi, bununla bağlı digər işlərin də görülməsi nəzərdə tutulub.
O da məlumdur ki, təhsil müəssisələrinin yaxınlığında hərəkət intensivliyinin yüksək olması şagird və tələbələrin həyatı üçün risqləri artırır. Dəfələrlə olub ki, şagirdlər bu səbəbdən avtoqəza ilə üzləşiblər. Söhbət bu zaman piyada vurulması ilə nəticələnən qəzalardan gedir. Xüsusən də sözügedən ərazilərdə aşırı sürət risq dərəcəsinin səviyyəsini daha da artırır. Bu baxımdan sözügedən yenilikləri ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirli təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə avtomobil yollarında hərəkətin sıxlığının azaldılması ilə bağlı Dövlət Proqramında nəzərdə tutulan yeniliklərə müsbət prizmadan yanaşdı: “Hesab edirəm ki, bununla bağlı tədbirlərin görülməsi müsbətdir. Ona görə ki, xüsusən Bakı şəhərində bununla bağlı bir sıra problemlər var. Paytaxtda son illər əhalinin artması nəticə etibarilə sıxlığın yüksəlməsinə gətirib çıxarıb. Təhsil müəssisələri ətrafında sürətin məhdudlaşdırılması insanların təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə də bu yöndə araşdırmalar aparılmalı və zəruri tədbirlər planı hazırlanmalıdır. Bu məsələdə təkcə sürətin məhdudlaşdırılması yetərli deyil. Elə təhsil müəssisələri var ki, yaxınlığında yeraltı və yerüstü piyada keçidlərinin inşa olunmasına ehtiyac var. Belə olarsa, o zaman piyadaların həyatı üçün yaranan risqlər azalar. Yaxud da, ən azından, orada işıqforlar quraşdırlmalıdır. Düşünürəm ki, “Azərbaycan Respublikasında Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn bu kimi məsələlərin kompleks şəkildə həyata keçirilməsi bu sahədə müvafiq səmərəli nəticələrin əldə olunmasına gətirib çıxara bilər. Ümid edirəm ki, müvafiq qurumlar nəzərdə tutulan işlərin öhdəsindən gələcəklər”.
Vidadi ORDAHALLI