Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirib.
Qurumun Mətbuat Xidmətindən “Trend”ə verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmə zamanı saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə saxlanan təqsirləndirilən şəxslər fərdi qaydada qəbul olunub, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri araşdırılıb.
MPQ-nin rəhbəri və həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində bu müəssisədə saxlanan Mehman Hüseynov da konfidensial qaydada qəbul olunub, müraciəti dinlənib, qida qəbul etməsi və sağlamlıq durumu ilə bağlı vəziyyəti özünün iştirakı ilə müəssisənin həkimi dəvət olunmaqla yerində araşdırılıb.
Müşahidə nəticəsində məlum olub ki, M.Hüseynov qida qəbul edir, sovqat alır, gündəlik həkim nəzarətindədir və sağlıq durumu normaldır.
Başçəkmə çərçivəsində M.Hüseynovun Ombudsmana ünvanladığı yazılı müraciəti baxılması üçün Baş Prokurorluğa göndərilib.