Adil Qeybulla: “Uşaqlarda anadangəlmə inkişaf qüsurları uşaq yaşlarında əlilliyin əmələ gəlməsinin və 1 yaşa qədər olan uşaq ölümlərinin ən əsas səbəbi hesab edilir”
Noyabrın 22-də Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri zamanı millət vəkilləri tərəfindən müxtəlif mövzularla bağlı təkliflər səsləndirilib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edərək hər il yeni doğulan təxminən 120-150 körpədə özünü göstərən qüsurların müalicəsi üçün kapilyar implantasiya ilə bağlı büdcədə vəsait nəzərdə tutulmasını təklif edib. Ekspertlər yeni doğulan uşaqlarda qüsurların müalicə olunması üçün kapilyar implantasiya ilə bağlı büdcədən vəsait ayrılmasının vacib olduğunu düşünürlər.
Professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ana və uşaqların reabilitasiyası ilə bağlı dövlət proqramı var. Bütün bu məsələlər o proqram çərçivəsində həll olunmalıdır: “Yeni doğulan uşaqlar müəyyən mərhələyə qədər dövlətin himayəsində olmalıdırlar. Müəyyən dövrdən sonra uşaqlar icbari tibb sığorta paketində olmalıdırlar. Bu proqram çərçivəsində bütün problemlər həll oluna bilər. Azərbaycanda ürək qüsurlarından əziyyət çəkənlər də icbari tibb sığorta paketindən yararlana bilər.
Məlumat üçün bildirim ki, uşaqlarda anadangəlmə inkişaf qüsurları uşaq yaşlarında əlilliyin əmələ gəlməsinin və 1 yaşa qədər olan uşaq ölümlərinin ən əsas səbəbi hesab edilir”.
Həmsöhbətimiz hesab edir ki, yeni doğulan uşaqlarda olan qüsurların müalicəsi ilə bağlı büdcədən vəsait ayrılması düzgün olar: “Nəzərə almaq lazımdır ki, anadangəlmə uşaqlarda karlıq varsa, bu cür uşaqlar tək eşitmə deyil, gələcəkdə lallıqdan da əziyyət çəkirlər. Eşitməyən uşaq sözü tələffüz edə bilmir. Bu cür uşaqların müalicə olunması üçün vəsait ayrıla və ya xüsusi bir proqram tərtib oluna bilər”.
A.Qeybulla onu da əlavə etdi ki, uşaqların anadangəlmə qüsurlarının müalicəsi üçün kapilyar implantasiya ilə bağlı büdcədən vəsaitin ayrılması uşaqların inkişafına səbəb ola bilər.
Günel CƏLİLOVA