Şəmsəddin Əliyev: “Müstəntiqlərin sayının artımı cinayət işləri yükünün azaldılmasına, keyfiyyətli istintaqın gedişatına təsir edə bilər”
Polis müstəntiqlərinin sayı artırılmalıdır. Bunu Milli Məclisin plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı millət vəkili Çingiz Qənizadə dilə gətirib. O qeyd edib ki ölkənin iri şəhərlərindəki polis orqanlarında müstəntiqlərin sayı azdır.
Ç.Qənizadənin sözlərinə görə, araşdırmalar nəticəsində bəlli olub ki, xüsusən də Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə hər bir polis müstəntiqinə 20-25 iş düşür ki, bu da normadan xeyli çoxdur: “İşlərin sayının çoxluğu müstəntiqin keyfiyyətli istintaq araşdırmasına imkan vermir. Problemi aradan qaldırmaq üçün müstəntiqlərin sayını artırmaq lazımdır. Yaxşı olar ki, ən azı iri şəhərlərdə polis idarələrinə əlavə 3-4 polis müstəntiqi ştatı ayrılsın. Bunun üçün büdcədən əlavə vəsaitin ayrılmasına ehtiyac var”.
Polis müstəntiqlərinin sayının artırılması fikrinə münasibət bildirən "Polisə Dəstək" İctimai Birliyinin sədri, ehtiyatda olan polis zabiti Şəmsəddin Əliyev qəzetimizə açıqlamasında qeyd etdi ki, MDB ölkələri ilə müqayisədə Azərbaycan polisinin sayı azdır: “Bir sahə müvəkkilinin xidmət sahəsində təxminən 10 000-ə yaxın əhali var. Fiziki və hüquqi xidmət baxımından polis əməkdaşının 10 000 əhali ilə davranma imkanı yox səviyyəsindədir. Onun üzərinə böyük iş düşür. Oğurluğun, narkotik cinayətlərinin araşdırılması, ümumiyyətlə, azadlıqdan məhrum olunan şəxslərin sayının dəqiqləşdirilməsi baxımından onun üçün çətinliklər yaranır. Sovet dönəmində bir sahə müvəkkilinin xidmət sahəsində təxminən 2500-4000 adam olurdu. Bu sayda olan əhaliyə göz qoymaq, bir növ, asan idi. Ancaq indi əhali artdıqca, miqrasiyanın sayı çoxaldıqca və Bakı şəhərinə axın çoxaldıqca, cinayətkarlıqla mübarizənin vəziyyəti çətinləşir. Eynilə müstəntiqlərin də vəziyyəti xoş deyil. Hər bir müstəntiqin icraatında ay ərzində 30-40 cinayət olur. Bunların hər biri prosessual müddət zərgərliyi ilə incələnir. Müddət baxımından polis müstəntiqi faktiki olaraq çatdıra bilmir. Çünki hər bir fakt prosessual baxımından araşdırma tələb edir. Bu araşdırma ilə bağlı müəyyən insanların istintaqa cəlb olunması zərurəti yaranır. Bir şübhəli şəxslə və ya şahidlə bağlı dindirmə müddəti təxminən 30 dəqiqə və ya 2 saat çəkə bilir. Gun ərzində polis təxminən 5-10 şəxsi dindirə bilər. Müstəntiqlərin işi çox olduğundan, onlar daha çox işləmək məcburiyyətində qalırlar. Onlar 8 saat yox, 14 saat işləmək məcburiyyətində qalırlar. Hətta elə hal olur ki, müstəntiqlər istirahət günü də iş başında olurlar ki, prosessual baxımdan işi çatdıra bilsinlər. Bəllidir ki, prosessual müddət pozulduqda müstəntiqin intizam məsuliyyətinə cəlb olunması yaranır. Söhbət onun vəzifədə qalıb-qalmamasından getmir. Nəzərə almaq lazımdır ki, onların fəaliyyətinə prokuror nəzarəti də var. Bu baxımdan düşünürəm ki, polis və müstəntiqlərin sayı artırılmalıdır. Müstəntiqlərin sayının artımı cinayət işləri yükünün azaldılmasına, keyfiyyətli istintaqın gedişatına və istintaqın obyektiv və ədalətli aparılmasına təsir edə bilər”.
Günel CƏLİLOVA