Vüqar Bayramov: “Azərbaycan süni intellekt və informasiya texnologiyasında haba çevrilməyi hədəfləyən ölkədir”
“Azərbaycanın hədəflərindən biri də regional Süni Zəka qovşağına, IT mərkəzinə çevrilməkdir və hesab edirəm ki, bizim buna nail olmaq üçün potensialımız var”. Bu fikri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
Ölkə başçısı qeyd edib ki, kibertəhlükəsizlik mərkəzinin yaradılması, mütəxəssislərimizin təlimi ilə bağlı planlarımız və artıq icra olunmuş layihələrimiz var - biz bir çox mütəxəssislərimizi xaricə təlimlərə göndəririk: “Azərbaycanda təlimlər təşkil edirik - hədəfimiz, bağlılıqla yanaşı, Süni Zəka və IT üçün bir haba çevrilməkdir. Potensial mövcuddur. Güclü siyasi iradə mövcuddur. Əlbəttə ki, biz Amerika şirkətlərini əsas tərəfdaşlarımız hesab edirik”.
Millət vəkili Vüqar Bayramov baki-xeber.com-a bildirdi ki, Azərbaycan süni intellekt və informasiya texnologiyasında haba çevrilməyi hədəfləyən ölkədir: “İnsan kapitalının inkişafı ilə bağlı aparılan işlər, Azərbaycanın yeni düzən formasının geosiyasi mövqeyinin güclənməsi deməkdir. Nəticə etibarı ilə bu istiqamətdə uğurların əldə edilməsinə şərait yaradılır. Gözlənti ondan ibarətdir ki, Azərbaycan yaxın gələcəkdə regionun süni intellekt və informasiya texnologiyası ölkəsinə çevriləcək. Dördüncü sənaye inqilabının Bakıda yaradılması, bu istiqamətdə əməkdaşlığın güclənməsi ondan xəbər verir ki,Azərbaycanın bu sahədəki rolu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir”.
Günel CƏLİLOVA