Lerik rayonunun ucqar dağ kəndlərində qışın soyuğu özünü göstərir. Yanacaq qıtlığı üzündən indidən yağan qarın qarşısında dayanmaq çətindir. Körpəsi olan evlərin isitməsində vəziyyət daha acınacaqlıdır.
Yanacaq üçün odunun qiyməti artıq dərəcədə qalxdığına görə rayonun Hamarat, Daster, Dzdipok, Siyov, Bradi kəndlərinin çox evlərində bu sıradan qışa tədarük görülməyib. Hətta bağındakı meyvə ağacını kəsib yandırmaq məcburiyyətində qalanlar var. Adları qeyd olunan kəndlərin sakinlərini dinləyək:
Hidayət Qurbanov (Bradi kəndi): - Son illər qışın şaxtası bizi ölümlə üz-üzə qoyur. Səbəb də odur ki, səkkiz il olar xəbər yayıldı kəndə “mavi qaz” çəkilir. O gündən meşələrə giriş qadağan olundu. Verilən vəd yerinə yetirilmir. Hazırda yanacaq odunu tapmaq hər adamın işi deyil. Bu səbəbdən qış aylarında əziyyət çəkirik. Hələlik bununla maraqlanan yoxdur.
Rövşən İmanov( Siyov kəndi):- Yerli məmurların verdiyi vədə görə, indi bizim evləri “mavi qaz” isitməli idi. Əksinə, şaxtalı günlərdə yandırmağa odun olmur. Çünki kəndlini meşəyə buraxmırlar, yanacaq odun da qızıl qiymətinə satılır.
Şakir Ağayev(Dzdipok kəndi):- Artıq qışın soyuğu bizi girinc edib. Odun bahadır, mövsümdən çıxmaq üçün lazım olanını ala bilməmişik. Səkkiz ildir kəndimizə qaz çəkiləcəyi deyirlər. Əslində çətin vəziyyətə düşməyin birinci səbəbi bu yalan vəddir. Əvvəllər qışı 200 manatlıq odunla yola verərdik. İndi isə həmin odun bizə 900 manata başa gəlir...
Ağalar Kərimov (Hamarat kəndi):- Odunun qiyməti çox qalxıb, odur ki, tədarük etdiyimiz odun heç cür qışa çatmaz. Qıtlıq üzündən indidən günün əksər hissəsi donumuz açılmır. Eşitmişik respublikamızda qazlaşma tam başa çatdırılır. Halbuki, dağ rayonu olan Lerikin heç 40 faizində qaz yoxdur. Yaşadığım Hamarat kəndi də belə.
Ağadadaş Babayev (Daster kəndi):- Qardaş, Dasterə də qaz hələ çəkilməyib. Yanacaq odunu meşədən gətirərdik, ona qadağa qoyulub. Qızıl qiymətinə satılan odun isə tələbatı ödəmir. Qalmışıq çıxılmaz vəziyyətdə...
Bəli, Lerikin kəndlərində qışın şaxtasının gətirdiyi təhlükə artıq soyuq otaqlarda hiss edilir. İndi ümid yalnız Uca Tanrıyadır.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü