Məlum olduğu kimi, 2022-ci il yanvarın 1-dən Azərbaycanda pensiyalar artırılacaq. Belə ki, minimum pensiyanın məbləği 200 manatdan 240 manata, əlilliyə görə pensiyanın məbləği 38 manat artaraq 261 manatdan 299 manata, ailə başçısını itirməyə görə pensiyanın məbləği 35 manat artaraq 263 manatdan 299 manata, yaşa görə pensiyanın məbləği isə 331 manatdan 372 manata qaldırılacaq. Beləliklə, ölkədə orta aylıq pensiyanın məbləği 327 manatdan 343 manata çatacaq.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda sonuncu dəfə pensiya və müavinətlər 2019-cu ildə artırılıb. Ancaq müşahidələr göstərir ki, Azərbaycanda pensiyaçılar əhalinin az faizini təşkil edir. Əhalinin sayı artsa da pensiyaçıların sayı azalmaqda davam edir. Halbuki, dünya ölkələrində bu baxımdan orta göstərici 20 faizdir. Azərbaycanın 10.5 milyon əhalisi var, dünyadakı orta göstəricini götürsək, ölkədə 2 milyon nəfərdən bir qədər artıq vətəndaş pensiya, müavinət almalıydı. Ancaq Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2021-ci il iyulun 1-nə olan məlumata əsasən, Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 1 milyon 214,1 min (ötən ilin iyulun 1-də 1 milyon 257,4 min) pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 12,1 faizini təşkil edib. Onların 58,8 faizi yaşa, 29,5 faizi əlilliyə, 11,7 faizi isə ailə başçısını itirməyə görə pensiya alıb. Bir sözlə, ölkədə pensiya və müavinət alanların sayı dünya üzrə orta göstəricidən iki dəfə azdır. Pensiyaçıların sayını azaltmaqla hara gedirik? Ekspertlər bunun səbəbini necə izah edir?
“Pensiya yaşına çatmadan vəfat edənlərin sayı ilbəil artır”
Məsələyə münasibət bildirən sosial sahə üzrə ekspert İlqar Hüseynli ölkədə belə vəziyyətin yaranma səbəbini bir sıra faktorlarla əlaqələndirdi: “Bunun bir səbəbi onunla bağlıdır ki, Azərbaycanda illər əvvəl pensiya yaşı artırıldı. Əsasən bu amil problemin daha da dərinləşməsində başlıca rol oynayan faktordur. Çünki tədricən xanımların pensiya yaşını 63-ə, kişilərin pensiya yaşını isə 65-ə qaldırdılar. Nəticədə pensiya təminatlı insanların sayı ciddi şəkildə azaldı. Başqa bir tərəfdən, pensiya yaşına çatmadan vəfat edənlərin sayı ilbəil artır. Çox təəssüflər olsun ki, bizdə bu amil də nəzərə alınmır. Bir sıra dünya dövlətlərində pensiya yaşı bizlə müqayisədə aşağı həddədir. Məsələn, qonşu Türkiyədə elə spesifik əmək sahələri var ki, orada 45-50 yaşında pensiyaya çıxırlar və bu təminatdan istifadə edirlər. Əslində pensiya təminatı bir sosial qayğıdır. Hər bir dövlətin öz vətəndaşına ləyaqətli yaşam tərzi qurmaq üçün yardım etdiyi bir siyasətdir. O baxımdan hesab edirəm ki, Azərbaycan da dünya praktikasından çıxış etməlidir və pensiya yaşına yenidən baxılmalıdır”.
Əks halda ekspert hesab edir ki, pensiya alanların sayı azalmaqda davam edəcək.
Vidadi ORDAHALLI