44 günlük Vətən müharibənin ilk günlərindən üstünlük ordumuzda idi. Qazanılan qələbəni həzm etməyən düşmən isə Gəncəni raket zərbəsi altında qoyurdu. Cəbhə xəttindən uzaq olan mülki əhalini hədəfə alan düşmən əslində necə aciz olduğunu göstərirdi. Ötən il oktyabrın 17-si gecə saat 1-də erməni ordusu Gəncə şəhərinə bomba atır. Həmin hadisənin üstündən bir ildən çox vaxt keçməsinə baxmayaraq, raket atışı zamanı evləri yararsız vəziyyətə düşənlərin problemi hələ də həll edilmir.
Gəncənin Samir Xasıyev küçəsi, döngə 8, ev 28 ünvanında yaşayan zərərçəkmiş Elvin Əliyev adlı şəxs bildirir ki, Vətən müharibəsi dövründə ermənilər tərəfindən Gəncə şəhərinin bombalanması zamanı evi yararsız hala düşüb: “Bir ildən çoxdur ki, kirayədə qalıram. Nə kirayə ödənişi ala bilirəm, nə də evim təmir olunur ki, gedib yaşayım. Bomba yaşadığımız evdən təxminən 10 metr aralıya düşüb. 4 otaqdan ibarət evimiz tamamilə yararsız hala düşdüyündən məcburən kirayə evə köçdük. Bizim küçədə 20 nəfərə yaxın zərərçəkmişə kirayə pulu verilsə də, o vaxtdan bizə kirayə haqqı ödənməyib. Təmir-bərpa işləri isə çox ləng gedir. Gah deyirlər pul yoxdur, gah usta, gah da material tapılmır. Ermənistanın təcavüzü nəticəsində ziyan dəymiş yaşayış evləri üzrə hər ailəyə 1000 manat məbləğində ödəniş olunsa da, biz həmin ödənişdən kənarda qalmışıq. Problemin həll olunması ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etsək də, bizə hər hansı bir cavab verilməyib”.
“Vətəndaş zərərçəkmiş ailələrə verilən kompensasiyanı alıb, həmçinin ev kirayəsi də ödənilir”
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirildi ki, artıq vətəndaşın evində təmir yekunlaşıb. Kirayə haqqı və kompensasiya isə ödənilib: “Zərərçəkmiş Əliyev Elvin Hüseyn oğlunun hesabına 2020-ci il dekabrın 28-də 1000 AZN ödəniş olunub. Bu il sentyabrın 9-da isə 5 min manat köçürülüb. Yəni vətəndaş zərərçəkmiş ailələrə verilən kompensasiyanı alıb. Həmçinin ev kirayəsi də ödənilir”.
Günel CƏLİLOVA