Xəbər verildiyi kimi, Vergi Məcəlləsinin 20-ci maddəsi və “İcra Haqqında Qanuna” görə vergi borcu yarandıqda, əmlakın hərracda satılması qaydasında dəyişiklik ediləcək. Dəyişiklik nəticəsində aktın icrasını daha icra məmurları deyil, vergi orqanları həyata keçirəcək. Belədə isə vergi borcunun hesablanması, məhkəmə iddiasının qaldırılması, əmlakın hərracının təşkili eyni mərkəzdən idarə olunacaq.
Bu dəyişiklik artıq narazılığa səbəb olub. Bildirilir ki, vergi borcuna görə aktın icrasını elə icra məmurları etməlidir.
Əkrəm Həsənov: “Məhkəmənin qərarını tələb edən deyil, icra məmurları icra etməlidir ki, obyektivlik olsun”
Maliyyə-bank eksperti Əkrəm Həsənov bildirdi ki, dəyişiklik normativ hüquqi aktlar haqqında Konstitusiya qanununa da ziddir: “Burada birmənalı olaraq maraqlar konflikti var. Kimsə nəyisə tələb edirsə, həmin tələbin icrasını da özü həyata keçirməməlidir. Vergi Məcəlləsinə edilməsi gözlənilən dəyişiklikdə bu hal nəzərdə tutulub. Məhkəmənin qərarını tələb edən deyil, icra məmurları icra etməlidir ki, obyektivlik olsun. Tələb edənin tələbin icrasını da özünün həyata keçirməsi isə korrupsiya təhlükəsi yaradır. Yeni vəziyyətdə borclu vətəndaş vergi orqanı qarşısında aciz qalacaq. Vergi orqanı da istədiyini edəcək”.
Ekspert onu da əlavə etdi ki, vergi orqanlarında təmiz işçilərin sayı icra məmurlarının sayı ilə müqayisədə qat-qat çoxdur. İcra şöbəsində bu məsələdə biabırçılıqdır: “Demək olar ki, orada heç bir iş korrupsiyaya bulaşmadan keçmir. Düşünürəm ki, sözügedən dəyişiklik vergi orqanları nümayəndələrinin icra məmurlarının özbaşınalığına rast gəlməsi nəticəsində meydana çıxıb. Bu şəraitdə isə sözügedən dəyişikliyə pis və ən pis arasında edilən seçim kimi baxmalıyıq”.
Sirac Piriyev: “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışının təşkilini daha icra məmurları deyil, vergi orqanları həyata keçirəcək”
Vəkil Sirac Piriyev bildirdi ki, Vergi Məcəlləsinə və İcra haqqında Qanuna edilməsi gözlənilən dəyişikliklərə əsasən, vergi borcunun məcburi alınması üsulu kimi siyahıya alınmış əmlakın hərrac qaydasında satılması qaydasına dəyişikliklər edilir: “Belə ki, məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra həmin aktın icrasını, yəni vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışının təşkilini daha icra məmurları deyil, vergi orqanları həyata keçirəcək. Həmçinin, dəyəri 5000 manatadək olan daşınar əmlakların vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində satışının həyata keçirilməsi imkanı mövcud olacaq. Hərracın təşkilatçısı qismində isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi çıxış edəcək”.
Günel CƏLİLOVA