Artıq Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa diqqəti və qayğısı sayəsində işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Şuşa şəhərində bərpa işlərinə start verilib. Şuşa, təbii ki, hər bir azərbaycanlı üçün müqəddəs bir məkandır. Bunu dövlət başçısı dəfələrlə qeyd edib.
Məlumdur ki, Şuşada müxtəlif şirkətlərin filialları açılır. Ötən ay Şuşa şəhərində “Qoç ət” restoranının açılışı olub. Adıçəkilən restoran bir aydır ki, Şuşada fəaliyyət göstərir. Bu günlərdə sosial şəbəkədə Şuşa şəhərində fəaliyyət göstərən “Qoç ət” restoranı ilə bağlı xoşagəlməz məlumat yayılıb. Sosial şəbəkədə Şuşa şəhərində açılmış yeni restoranlardan birində nahar edən hərbçilərimizə yüksək məbləğdə hesab gəlməsi ilə bağlı xəbər yayılıb. İddia edilir ki, Şuşada xidmət edən şəxslərə nahar üçün 700 manat qiymət “oxuyublar”. Məlumata görə, restoranın idarəçiləri ilə hərbçilər arasında mübahisə düşüb. Ardınca məsələ sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Səhifələrdə edilən paylaşımlar kəskin reaksiya doğurub, bunu savaşdan qalib çıxan hərbçilərimizə hörmətsizlik kimi qiymətləndiriblər.
“Açılışdan bugünə qədər hərbçilərimizə 20 faiz endirim kampaniyası etmişik və bu gün də bu kampaniya davam edir və davam edəcək”
Məsələ ilə bağlı “Qoç ət” restoranından bildirildi ki, restoran haqqında yazılanlar yalan və böhtandır: “Vətənimizin incəsənət beşiyi sayılan Şuşa şəhəri işğalçılardan azad ediləndən sonra biz “Qoç ət” olaraq böyük qürur hissi ilə xalqımıza xidmət etmək üçün restoran filialımızın Şuşa şəhərində açılışını etdik. “Qoç ət” olaraq Vətən müharibəsi dönəmində Ordumuza yardımlar etdik. Şuşada restoranımız fəaliyyətə başlayandan bir həftə orada xalqımıza tamamilə təmənnasız xidmət etmişik. Açılışdan bugünə qədər hərbçilərimizə 20% endirim kampaniyası etmişik və bu gün də bu kampaniya davam edir və davam edəcəkdir. Bir neçə gün əvvələ qədər davam edən “Yaşat” Fondunun təşkil etdiyi “Zəfər yarmarkası”nda iştirak etdik və oradan əldə olunan gəlirin hamısını “Yaşat” Fonduna yönəltdik. Restoranlarımıza şəhid ailələrini qonaq kimi dəvət edirik, onlara təmənnasız xidmət edirik. Azərbaycan xalqına, özəlliklə şəhid ailələrimizə, qazilərimizə və hərbçilərimizə xüsusi diqqət və qayğı göstərməyə davam edirik. Sosial şəbəkələrdə məlum “Azad söz” səhifəsinin bizim haqqımızda yazdıqları tamamilə həqiqətdən uzaqdır. Bütün bunlar yalan, böhtan və təxribatdır. Şuşada yerləşən restoranımızda belə bir hal baş verməyib. Şuşa filialımızı açmaqda məqsədimiz gəlir qazanmaq deyil, hərbçilərimizə, orada çalışanlara, qonaqlara xidmət etməkdir! Məlum səhifə yalan və təxribat yaydığı üçün qanun qarşısında cavab verəcək!”.
Günel CƏLİLOVA