Astara və Lerik rayonlarının bir qrup sakini üzləşdiyi özbaşınalıqla bağlı Prezident İlham Əliyevə müraciət edib. Şikayətçilər dövlət başçısının sərəncamı əsasında tikilən 2 modul tipli məktəbin inşası prosesində işlədiklərini, amma pullarını ala bilmədiklərini deyir.
Şikayətçilər qeyd edir ki, PDL şirkəti tərəfindən MMC-Vüqar 1970 icraçı ilə Astara rayon Şəvqo və Lerik rayonun Loda kəndində modul tipli məktəb binası tikilib: “İş icraçısı Vüqar Zeynalovla razılaşma əsasında bu məktəbin tikintisində iştirak etmişik. Kimimiz öz şəxsi maşınlarımızla yük daşımış, kimimiz yük yükləyib-boşaltmış, kimimiz isə usta və fəhlə işləmişik.
Məktəb tikintisi Şəbqoda 2019-cu ildə, Loda kəndində isə 2020 -cı ildə başlayıb. Hər iki məktəb çoxdandır ki, təhvil verilib. Bir ildən artıq vaxt keçməsinə baxmayaraq, əmək haqqınızı ala bilmirik. Zeynalov Vüqar iddia edir ki, pulu sifarişçi şirkət ödəmir. Biz isə ortada qalmışıq. Cənab Prezident, xahiş edirik ki, hüquqlarımızın müdafiəsi ilə bağlı göstəriş verəsiz”.
Qeyd edək ki, əmək haqlarını ala bilməyən işçilər Prezident İlham Əliyevə müraciət edib. Müraciəti Hüseynov Sahil, Babazadə Lakin, Mehbalıyev Rakif, Ağayev Arif, Şahmuradov Kamil, Əliyev Etibar, Babayev Şahin, Nəcəfov Ceyhun, Şahbaz Nemət imzalayıb.
Qeyd edək ki, bu tip şikayətlərin sayı artıb. Şirkətlər işçini işlədir, onun əməyindən istifadə edir, ancaq zəhmət haqqını ödəmir.
“Bir çox dövlət sifarişi ilə həyata keçirilən tikinti-istismar işləri zamanı çalışan işçilər əmək haqqını ala bilmir”
Sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirdi ki, bir çox dövlət sifarişi ilə həyata keçirilən tikinti-istismar işləri zamanı çalışan işçilər əmək haqqını ala bilmir. Xüsusən də modul tipli tikililərdə çalışanların maaşı verilmir: “Bu tip problemlərin yaranmasının müxtəlif səbəbləri var. Tikinti işinə cəlb olunan şirkətlərin seçimi qeyri-şəffaf formada həyata keçirilir. Tenderi udan təşkilat lazım olan vəsait üzərindən görəcəyi işi həyata keçirməkdə çətinlik çəkir, nəticədə şirkət borclanır. Belə olan halda şirkət işçilərin əmək haqqını ödəyə bilmir. Bu halın yaşanmasının əsas səbəbi tenderlərin şəffaf və açıq formada keçirilməməsi ilə bağlıdır”.
Həmsöhbətimiz hesab edir ki, əmək haqqı ala bilməyən fəhlələr haqlarını qorumaq üçün məhkəməyə müraciət edə bilər.
Günel CƏLİLOVA