Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi: “Bakıda bağça müdirlərinin demək olar ki, hamısı ali təhsillidir” Kamran Əsədov: “Uşaq bağçaları və körpələr evinin tək rəhbər şəxsləri deyil, eyni zamanda, müəllim heyəti də mütləq ali təhsilli olmalıdır”
Azərbaycanda kollec bitirmiş uşaq bağçaları müdirlərinin işdən çıxarılması ilə bağlı məlumat yayılıb. Həmin məlumatda qeyd olunur ki, ali təhsili olmayan bütün şəxslər bağçalara rəhbərlikdən kənarlaşdırılır. Bu halda bağçada müdirə kimi çalışan şəxslərin narazılığına səbəb olub.
Maraqlıdır, kollec təhsili olanlar uşaq bağçasında müdir kimi çalışa bilməz? Həmin postda çalışanlar mütləq ali təhsilli olmalıdır?
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən bildirildi ki, hazırda Bakı şəhərində belə hal yoxdur: “Bakıda bağça müdirlərinin demək olar ki, hamısı ali təhsillidir. Kollec təhsili olanlar da uzun illərdir həmin vəzifədə çalışırlar. Paytaxtda 340-dan çox uşaq bağçası var və heç birində belə hal baş verməyib”.
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, 2017-ci ildə Milli Məclis tərəfindən qəbul edilən “Məktəbəqədər təhsil haqqında” qanuna görə, bu təhsil müəssisələrində yalnız ali təhsili olan şəxslər çalışa bilər: “Xatırladım ki, 2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyindən alınaraq icra hakimiyyətlərinə verildi. Qeyd olunan təhsil müəssisələri icra hakimiyyətlərinə verilməsinə baxmayaraq, bu sahədə problem hələ də yaşanır. Qanun layihəsində qeyd olunur ki, uşaq bağçaları və körpələr evinin tək rəhbər şəxsləri deyil, eyni zamanda, müəllim heyəti də mütləq ali təhsilli olmalıdır. Məlumat üçün bildirim ki, hazırda ölkədə 1672 məktəbəqədər təhsil müəssisəsi var. Onlardan 340-ı paytaxt ərazisində qalanları isə bölgələrdədir”.
Günel CƏLİLOVA