“...Heç bir nəticə olmayıb”
Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdi küçəsi 140 A-240A ünvanının sakini, vaxtilə qəzetimizlə əməkdaşlıq edən jurnalist, Azərbaycan Rəssamlar İttifaqının, “Azərbaycan Karikaturaçılar Birliyi”nin üzvü Vəlicanov Qamət Səmət oğlu “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevə müraciət edib. Q.Vəlicanov üzləşdiyi problemin həllinə yardım etməsi üçün “Bakı-Xəbər”ə üz tutub.
Q.Vəlicanov müraciətində bildirir: “Qonşuluqda ev tikintisi zamanı bizim evə məxsus olan və 21 ildir istifadə etdiyimiz kanalizasiya xəttini bağlayıblar. Dəfələrlə kanalizasiya xəttini bərpa etməli olduqlarını onlara bildirsəm də, heç bir nəticə olmayıb”.
Q.Vəlicanov bildirir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdi küçəsi ev № 140 A-240A ünvanında yerləşən ev onun şəxsi mülkiyyətidir və evin Çıxarışı, Texniki pasportu var (həmin sənədlərin də surətini bizə göndərib). “Evimin Çıxarışı var, bütün sənədləri qaydasındadır. Ev mənim öz şəxsi mülkiyyətimdir. Problemlə bağlı 1 noyabr tarixində Binəqədi rayon Xocasən İcra nümayəndəliyinə yazılı müraciət etdim, lakin müsbət cavab almadım və buna görə də noyabrın 4-də, sonra isə noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına teleqram vasitəsilə müraciət etməli oldum”.
Q.Vəlicanovun yazdığına görə, müraciətlərinə baxmayaraq, hələ də yerli qurumlar problemi həll etməyib. Tanınmış rəssam bildirir ki, bugünə qədər müsbət nəticə olmadığı üçün neçə müddətdir öz halal evində yaşamaqdan məhrum olub: “Neçə müddətdir evimizdə yaşamaqdan məhrum olub kirayədə yaşayırıq. Kirayədə yaşamaq çox çətindi, özü də öz evin olduğu halda. Həyat yoldaşımın bir böyrəyi götürülüb, o birisini isə müalicə etdirir. II qrup əlildir”.
Q.Vəlicanov qəzetimiz vasitəsilə əlaqədar qurumlardan üzləşdiyi problemin həllinə kömək istəyir və ümid edir ki, müraciəti ictimailəşdirildikdən sonra onun və ailəsinin yaşadığı problem həll ediləcək.
Biz də ümid edirik ki, tanınmış rəssam, jurnalist Qamət Vəlicanovun probleminin həlli istiqamətində yerli qurumlar lazımı addımlar atacaq və o öz ailəsi ilə tezliklə kirayələrdən xilas olub halal mənzilinə qayıdacaq.
İradə SARIYEVA