Bərdə rayonu Mehdili kəndində olan orta məktəb qəzalı vəziyyətdədir. Məktəbin bir hissəsi uçduğu üçün bina təhlükəli duruma düşüb. Hazırda burada müəllimlər dərs deməkdə çətinlik çəkir, çünki məktəbin hazırki infrastrukturu tədris üçün uygun deyil.
Mehdili kənd tam orta məktəbinin direktor əvəzi Niyazi Kazımov bildirir ki, bu il oktyabrın 6-sı saat 12:45-də məktəb binasının bir hissəsi uçub: “Xoşbəxtlikdən, həmin vaxt sinif uşaqları yaxınlıqdakı stadionda idman dərsində imiş və buna görə də ziyan çəkən olmayıb. Hazırda dərslər məktəbin həyətində qoyulmuş konteynerlərdə keçilir, 10-11-ci sinif şagirdləri isə təhsillərinə distant şəkildə davam edirlər”.
Valideynlər bildirir ki, soyuq qış günlərində şagirdlərin dərsə bu şəkildə davam etməsi onların tez-tez xəstələnməsinə səbəb olur: “Soyuq sinif otaqlarında şagirdlər dərsdə oturmaqda çətinlik çəkir. Aidiyyəti qurumlar isə məsələyə biganə yanaşır”.
“Mehdili kənd tam orta məktəbi cəbhə zonasına yaxın yerləşdiyi üçün müharibə dövründə mərmi təkanlarına məruz qalıb”
Məsələ ilə bağlı Bərdə rayon Təhsil şöbəsinin müdir əvəzi Ədalət İsmayılov bildirdi ki, 1990-cı ildə istifadəyə verilən Mehdili kənd tam orta məktəbi cəbhə zonasına yaxın yerləşdiyi üçün müharibə dövründə mərmi təkanlarına məruz qalıb: “Elə binanın qəfildən uçması da bununla bağlıdır. Hadisə günü həm rayon rəhbərliyinin nümayəndələri, həm də təhsil şöbəsinin əməkdaşları ora gəlib. Tədrisin dayandırılmaması, uşaqların müasir kotteclərdə yerləşdirilməsi qərarına gəlinib. Eyni zamanda 224 yerlik yeni məktəb binasının da həmin ərazidə inşa edilməsi qərarlaşdırılıb. Məktəb binasının layihəsi təsdiqlənən kimi inşasına başlanacaq”.
Ə.İsmayılov onu da vurğuladı ki, şagirdlərin müvəqqəti təhsil aldığı həmin kotteclərə istilik sistemi quraşdırılacaq.
Günel CƏLİLOVA