Yardımlı rayonunun İkinci Qarabağ müharibəsinin qalib şəhidləri Şamil Afiq oğlu Mirzəyevin və Siruz Hamil oğlu Şirbəylinin anım mərasimlərinə rayonun əksər hissəsi qatılmışdı. Əvvəlcə hər iki qəhrəmanın məzarları Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatının məsul əməkdaşları və KİV nümayəndələri tərəfindən ziyarət olundu, üzərinə gül dəstələri düzüldü. RİH başçısı çıxış edərək bildirdi ki, 30 illik işğal altında olan müqəddəs, ulu yurd yerimiz Qarabağ torpaqları Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən 44 gündə azad edildi. Bu möhtəşəm zəfərdə Yardımlı gənclərin də göstərdiyi şücaət misilsizdir. Məhz Şamil Mirzəyev və Siruz Şirbəyli də Vətən torpaqların azadlığı uğrunda şəhid oldular. Dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.
Şamil Mirzəyev 1996-cı il martın 2-də Yardımlı şəhərində anadan olub. 2014-cü ilin aprelində hərbi xidmətə çağırılmış və 2015-ci ilin oktyabrında hərbi xidməti başa vurmuşdur. Vətən müharibəsində iştirak etmiş, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda“, "Cəsur döyüşçü", “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Siruz Hamil oğlu Şirbəyli 1996-cı il fevralın 20-də Yardımlı rayonunun Zevin kəndində dünyaya göz açmışdır. 2017-ci ildə həqiqi xidmətə yollanmış xidmətini başa vurduqdan sonra Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrdə müddətdən artıq hərbiçi kimi xidmətin davam etdirir. Vətən Müharibəsində Şuşanın alınması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Ölümündən sonar “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə" və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunur.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü