Respublikada analoqu olmayan bu məsələ indi Lerikdə adi hal alıb. Bəli, rayonda ictimai nəqliyyatın yoxluğu üzündən məcburiyyət qarşısında qalıb bir manatlıq yolu 15 manata getməli olursan.
Əvvəllər, yəni sovet vaxtı Azərbaycanın hər yerində olduğu kimi, dağlar diyarında da kəndlərə marşrut avtobusları işləyib. Bu marşrutlar səbəbsiz bağlandıqdan sonra ortaya çıxan ara sürücülər əlacsız camaatla istədiyini edirlər. Və hər ayda özbaşına təyin etdiyi gediş-gəliş haqqını artırırlar. İndi çəkinmədən, qorxmadan sərnişinlərdən getdiyi yola görə 1 manat əvəzinə 15 manat alırlar. Üstəlik hərc-mərclik yaratmaqla dövlətin gördüyü yaxşı işlərə kölgə salırlar. Məqsədləri də açıq şəkildə daha çox pul qazanmaqdır. Vəziyyətlə əlaqədar rayonun çox kəndində yaşlı adamlar 10 kilometr yolu düşüb bankomatlardan pullarını götürə bilmirlər. İşin maraqlı tərəfi odur ki, bütün səlahiyyətli təşkilatlara agah olan bu ciddi problem haqqında düşünən yoxdur. Son illər ölkə başçısının xüsusi diqqət və qayğısı sayəsində kənd yollarına asfalt döşənib. Yollar müasir standartlara cavab verməklə gediş-gəliş üçün rahatdır. 2 saat vaxt aparan yol hazırda 20-25 dəqiqəyə başa gəlir. Qaldı ki, ara sürücülər dövlətin öz əhalisindən ötrü yaratdığı rahatlığı zillətə döndəriblər.
Marşrut avtobusların yoxluğu Lerik əhalisini ağır sınaq qarşısında qoyub. Rayonun Siyov, Bürsülüm, Hovil, Vov, Conu, Dzdipok, Aşağı Qışlaq, Ləkər kəndlərində vəziyyət daha acınacaqlıdır. Ümumiyyətlə, leriklilər artıq ara sürücülər bezar olublar. Camaatı narahat edən problemə son qoymağın yolu isə köhnə marşrutların bərpasından keçir...
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü