Toylar Azərbaycan milli mənəviyyatının çox geniş sahəsini əhatə edən ciddi bir hadisədir. Bu hadisənin iştirakçısı olmaq, ağ gəlinlik paltarı geyinmək və həyatın ən yaddaqalan günündə gözəl görünmək hər bir gənc qızın arzusudur. Hər zaman müxtəlif mağazalarda, fərqli üslublarda hazırlanan gəlinliklərə rast gəlmək mümkündür.
Son zamanlar gəlinlik mağazalarında ağ rəngli gəlinliklər deyil, hərbi formada hazırlanan libaslar daha çox üstünlük təşkil edir. 44 günlük Vətən müharibəsindən sonra gənc qızlar hərbi geyim rəngində hazırlanan gəlinlik geyməyə üstünlük verir. Onu da bildirək ki, həmin hərbi gəlinliyin 1 günlük kirayəsi 300 manatdır. Qeyd olunan gəlinliyi seçənlərin bir qismi toy keçirilən salona həmin libasda daxil olur, bəziləri isə sırf fotosessiya etdirmək üçün hərbi rəngli gəlinliyi geyir. Ancaq bu geyim növü müharibə iştirakçılarının narazılığına səbəb olur. Onlar bildirir ki, hərbi geyim rəngində gəlinlik və ya digər libasların hazırlanması düzgün deyil.
“Bu forma bizim şəhidlərimizin əynində döyüş meydanında, zəfərimizin əldə olunmasında iştirak edib, bu forma Azərbaycan xalqının qeyrət simvoludur”
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, son vaxtlar bu kimi mövzular çox aktual olub: “Hərbi geyimə, o rəngdə olan parçaya hörmətlə yanaşmaq lazımdır, heç bir halda bu parçanı ucuzlaşdıra bilmərik. Bu forma bizim şəhidlərimizin əynində döyüş meydanında, zəfərimizin əldə olunmasında iştirak edib, bu forma Azərbaycan xalqının qeyrət simvoludur. 44 günlük Vətən müharibəsi və Zəfər bayramından sonra şəhərdə hərbiyə aidiyyəti olmayanların hərbi geyim geyinməsi hallarına rast gəlirik. Rəngini başa düşdük, ancaq hərbi parça nədir, gəlin paltarı nədir? Ermənilər bu görüntülərdən əleyhimizə istifadə edə bilərlər. Bunun çox sadə bir adı var: “qaş düzəldən yerdə vurub göz çıxarmaq”. Hətta bəzi şou-biznes adamları Azərbaycan bayrağından qeyri-adi formalar tikdirib televiziyalara çıxırlar. Onu geyinməklə daha çox vətənpərvər olmurlar, özümüz özümüzü gülünc vəziyyətə qoyuruq. Mən bunun qəti əleyhinəyəm. Müvafiq qurumlardan xahiş edirəm ki, bu mənzərəyə yol verməsinlər, əks halda qanun var, cəza var”.
Günel CƏLİLOVA