Son zamanlar bir çox yerlərdə müharibə iştirakçılarına verilən avtomobillərin dövlət qeydiyyat nişanı olmadan idarə olunması, yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasının şahidi oluruq.
Qazilərimiz bizim üçün çox əzizdir, amma bir insanın qazi, şəhid ailəsi statusundan istifadə edib qaydaları pozması qəbuledilməzdir.
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydalarını pozan qazilərə müraciət edib: “Hər birimiz torpaqlarımızın azad olunmasında iştirak edən şəhidlərimizlə, qazilərimizlə fəxr edirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Lakin təəssüf ki, bəzi qazilərimiz qazi statusundan sui-istifadə etməyə çalışır, bəzi davranışlarla öz qazi statuslarına kölgə salmış olurlar.
Bəzən idarə etdikləri avtomobillərin nömrə nişanlarını çıxararaq yola çıxırlar. Burada məqsəd nədir? Tək məqsəd var, o da yol hərəkəti qaydalarını pozduqları zaman avtomobil yollarında olan videomüşahidə kameralarından, radarlardan yayınmaq. Bu yolverilməzdir. Digər tərəfdən, bəzi qazilərimiz sükan arxasında olarkən “Yol Hərəkəti Haqqında” Qanunun tələblərini kobud şəkildə pozurlar. Yol polisi əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq onları saxladıqları zaman “mən qaziyəm” deyə cavab verir və özlərinə haqq qazandırmağa çalışırlar. Yenə də deyirik, biz qazilərimizlə fəxr edirik, onlarla qürur duyuruq. Lakin qanun hər kəs üçün qanundur”.
“İstənilən halda, hamı qaydalara riayət etməlidir, statusdan istifadə edib qaydaları pozmaq olmaz”
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirdi ki, 7-8 noyabr tarixlərində qazilərin iştirakı ilə maddi zərərlə nəticələnən bir neçə yol qəzası baş verib: “Hərbi geyimli mülki şəxslər tərəfindən avtoxuliqanlıq hərəkətləri qeydə alınıb. Sonda məlum olub ki, hərbi geyimdə olan, yaxasına medallar asan həmin sürücülərdən bir neçəsi nəinki döyüşdə, ümumiyyətlə, hərbi xidmətdə olmayıb. Mağazadan hərbi geyim alıb, ordan-burdan da medal tapıb düşüblər meydana. Artıq zərurətə çevrildi. Gerçək qaziləri yalnız sənəd tələb edərək seçək və hərbi geyim məsələsinə məhdudiyyət qoyaq. Yoxsa dələduzlar meydan sulayacaq. Məsələnin hansısa hüquqi forması tapılmalıdır. İstənilən halda, hamı qaydalara riayət etməlidir, statusdan istifadə edib qaydaları pozmaq olmaz. Kiçik bir səhv ağır fəsadlara gətirib çıxaracaq”.
Günel CƏLİLOVA