Sosial şəbəkələrdə Vətən müharibəsi iştirakçısının Neftçala Rayon İcra Hakimiyyətinin qarşısında özünə xəsarət yetirməsi ilə bağlı məlumat yayılıb.
İddia olunub ki, Namid Hüseynov mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətlərinin cavabsız qalmasına görə bu addımı atıb. İddiada o da vurğulanıb ki, N.Hüseynov icra başçısının onu dinləməməsinə etiraz edib.
Qazi, 5 medalı olsa da, ona heç bir sosial müavinətin verilməməsindən şikayət edir.
“Namid Hüseynovun yaşadığı fərdi yaşayış evinə baxış keçirilib və dam örtüyünün yararsız olduğu müəyyənləşib, fərdi yaşayış evinin dam örtüyü tam təmir olunub”
Məsələ ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətindən bildirildi ki, Neftçala şəhəri M.Ə.Rəsulzadə küçəsində yaşayan Hüseynov Namid Mübariz oğlu 44 günlük Vətən müharibəsində Füzuli, Xocavənd, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərin iştirakçısıdır: “Oktyabrın 26-da Rayon İcra Hakimiyyətinin başçısı və aparatının məhsul şəxslərinin iştirakı ilə Namid Hüseynov rəsmi şəkildə qəbul edilib və yaşadığı fərdi yaşayış evinin dam örtüyünün təmir olunması, özünün müalicə olunması məqsədilə dərman ləvazimatının alınmasını və maddi kömək göstərilməsini xahiş edib. Müraciətinə əsasən Namid Hüseynova təyin edilmiş resept əsasında dərman ləvazimatları alınaraq verilib. Həmin gün Namid Hüseynovun yaşadığı fərdi yaşayış evinə baxış keçirilib və dam örtüyünün yararsız olduğu müəyyənləşib. Fərdi yaşayış evinin dam örtüyü tam təmir olunub.
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilən Namid Hüseynov müxtəlif ərzaq dükanlarından borc müqabilində götürdüyü ərzağın pulunun ona verilməsinə kömək olunmasını da xahiş edib. Onun bu xahişi də nəzərə alınaraq, maddi yardım göstərilib. Namid Hüseynovun İcra Hakimiyyətinin qarşısında qollarını kəsməsi barədə məlumatlar yanlışdır”.
Günel CƏLİLOVA