Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi İkinci Qarabağ müharibəsində Vətən torpaqlarının azad edilməsi naminə xüsusi qəhrəmanlıq göstərən igidlərimizdən biri də şəhid Ceyhun Akif oğlu Səfərovdur. O, Lerik rayonunun Cənginəvud kəndində anadan olmuşdu. Bu Vətən sevdalısı müharibənin ilk günlərində cəsurluğunu döyüş meydanında təsdiq etməyi bacarır.
Bu günlər Ceyhun Səfərovun şəhadətinin ildönümü ilə bağlı doğma kəndində anım mərasımı keçirildi. Mərasimdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri əvvəlcə qəhrəman Vətən oğlunun məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad etdilər.
Daha sonra ziyarətçilər şəhid ailəsində oldular. Ailənin qayğılarını ətraflı öyrənən Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev bildirdi ki, Ceyhun Lerik camaatı üçün iftixar mənbəyi, qürur yeridir. Vətən, torpaq yolunda canından keçən qəhrəman oğlumuzun adı Azərbaycan var olduqca dillərdən düşməz.
Daha sonra şəhid Ceyhun Səfərovun ölümündən sonra dövlət tərəfindən layiq görüldüyü “Cəbrayılın azad olunmasına görə" medalını onun valideynlərinə təqdim etdi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü