Ağstafa şəhər Asif Abdullayev adına 2 saylı tam orta məktəbin bir qrup müəllimi adıçəkilən təhsil müəssisəsinin direktorundan narazılıq edir. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aygün Həsənova bildirir ki, məktəb direktoru Vəfa Tağıyeva təhsil müəssisəsində çalışan müəllimlərə artıq dərs saatı vermək üçün rüşvət tələb edir.
Həmçinin, bu il sentyabrın 27-də şəhidlərin Anım günü ilə bağlı əklil alması üçün məktəbin 120 müəllimindən 4 manat, iki ibtidai sinfin hər şagirddindən isə 15 manat pul yığıb. Yığdığı pulu isə aidiyyəti üzrə xərcləməyib və mənimsəyib: “Bu adam hər şeyi rüşvətlə həll edir. 10 ildir məktəbdə at oynadır. 21 ildir işləyirəm, amma mənə cəmi 5 saat dərs verib. 150 manata 3 uşağı necə oxudum? Özüm onkoloji xəstəyəm, yoldaşım isə qara ciyər serrozundan əziyyət çəkir. Rüşvət vermirəm deyə dərs saatımı artırmır. Deyir hara və kimə istəyirsən müraciət elə, arxamda Təhsil Nazirliyi dayanır”.
Direktorun əlindən təngə gəldiyini vurğulayan Aygün Həsənova, şikayətlərinə baxılmasa, özünü Təhsil Nazirliyinin qarşısında yandıracağını deyib: “Rüşvəti tək məndən deyil, hamıdan istəyir. Sinfin birini 200 manata satır. Valideyn və müəllim arasında intriqa yaradır. İşçilərini təhdid edir. Hər kəs onun əlindən boğaza yığılıb. Hər şeyin altından asanlıqla çıxır. Haqlı olduğum halda haqsız duruma düşürəm. Sabah intihar eləsəm, deyəcək psixoloji durumu pozulmuşdu”.
“İxtisasdan 39 bal toplayan müəllimə 18 saat dərs verə bilərik?”
Məsələ ilə bağlı adıçəkilən məktəbin direktoru Vəfa Tağıyeva bildirdi ki, şəhidlərin Anım Günü ilə bağlı pul yığılıb, ancaq Aygün Həsənovanın iddiaları əsassızdır: “Müəllimlər arasında yığılan pula əklil alınıb, şagidlər arasında yığılanlar isə valideynlər tərəfindən təşkil olunub. O müəllimə hər il narazılıq edir. O İcra Hakimiyyətinə üz tuturdu, indi isə nazirliyə müraciət edir. Mən özüm də dəfələrlə İcra Hakimiyyəti tərəfindən təzyiqlərə məruz qalmışam. Aygün müəllimə yaxşı siniflərə girir və 7-ci sinfə çatanda hamısını dağıdır. Bu il də həmin qaydadadır. Sinifləri isə təzyiqlər nəticəsində ona verirəm. Özümə qalsa, heç vaxt vermərəm. İxtisasdan 39 bal toplayan müəllimə 18 saat dərs verə bilərik? Aygün müəllimənin isə, digərlərindən fərqli olaraq, balı az, yüksək dərs saatları olub. Amma müəllimlər artıq buna yola vermir. Valideynlər də həmçinin istəmir, onların əlindən Aygün müəlliməni zorla almışdıq. Məktəbdə ikinci sinfi bağladıb. 11 saat dərsi ola-ola yenidən sinif verməyə ehtiyac var sizcə? Bir sinfin müqabilində 200 manat iddiası ağ yalandır. 10 ildir işləyirəm, bir adam deyə bilməz ki, rüşvət almışam”.
Günel CƏLİLOVA