Ədəbi-bədii, nostalji jurnal olan “Yada düşdü”nün 2021-ci il üçün 2-ci sayı işıq üzü görüb.
Nəzakət Məmmədovanın təsisçiliyi və baş redaktorluğu ilə nəşr edilən “Yada düşdü”nün bu sayında da maraqlı yazılar, xatirələr, duyğu və düşüncələr, nostalji hisslər oxucuların qəlbinə hakim kəsiləcək. Xatirə janrı formatında ərsəyə gətirilən jurnalın bu sayı mərhum xalq şairi Musa Yaqubun “Yalvarış” şeirilə açılır.
Kəndiri kəsilmiş, ipi üzülmüş, Havası boğulmuş, suyu süzülmüş Qərib bir bəndəyəm, yenə gəlmişəm Təpədən-dırnağa yalvarış kimi. Bütün hisslərimi, sevgilərimi Sənə gətirmişəm, sənə gəlmişəm Keç qul günahından qaytarma məni, Qovma, dərgahından qaytarma məni.
“Yada düşdü”nün səhifələrində akademik Rafael Hüseynovun “Qaranquş yuvaları hörən adam” yazısı da elə xalq şairi Musa Yaquba həsr olunub, hər cümləsində M.Yaqublu günlərin titrək həyəcanları, kövrək xatirələri dillənir. Xalq yazıçısı Elçinin Musa Məmmədov haqqında yazdığı “Mənəviyyatın təmizliyi”, əməkdar jurnalist Flora Xəlilzadənin əməkdar jurnalist Sona Bağırovanın 90 illiyinə yazdığı “Durna qatarının Sonası”, xalq yazıçısı Kamal Abdullanın “Hacı Mir Həsən ağa Səyyah”, Vasif Quliyevin “Yadımda belə qalıb”, “Əsəd Cahangir-55: Fövqəl tərbiyəli ziyalı” və başqa yazılar oxucuların marağına səbəb olacaq. Jurnalın ənənəvi rubrikası olan “Uşaqlar, ay uşaqlar”da balalarımızın fotoları canlandırılıb. “Yada düşdü”nün “Gözlədiyimiz kitablar” rubrikası və “İşıq saçan sözlər” boxçası da oxucuların ürəyincə olacaq. “İşıq saçan sözlər” böyük rus yazıçısı Anton Pavloviç Çexovun hikmətlərinə həsr edilib.
İradə SARIYEVA