Son zamanlar bazarda keyfiyyətsiz şprislərin dövriyyədə olması barədə məlumatlar yayılmaqdadır. Yayılan məlumatlar cəmiyyətdə ciddi narahatlıq yaradıb və geniş müzakirələrə səbəb olub. Qeyd edilir ki, keyfiyyətsiz şprislər Çindən gətirilib.
Eyyub Hüseynov: “Bu gün yenə əmtəə bazarında, apteklərdə qara porşenli keyfiyyətsiz şprislər mövcuddur”
Məsələ ilə bağlı fikir bildirən Azad İstehakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Azərbaycanda şprislərin standartı mövcuddur. Ölkəmizdə mövcud olan standarta görə, şprisin porşeni iki hissədən ibarət olmalı deyil. Bizim tədqiq etdiyimiz şprislərin porşeninin sonluğunda qara rezin var. Bu cür şprislərdə həmin qara rezin dəyişdirilə, çıxarıla və yenidən istifadə oluna bilər. Azərbaycan standartında porşenin sonunda qara rezin nəzərdə tutulmur. Bu şprislərin yanında qoyulan iynələr də standarta uyğun deyil. Standarta uyğun olan şprislər birdəfəlik olur. Biz bu işi üç il öncə tədqiq edəndə dövlət orqanları bizə çox böyük dəstək verdi. Hətta gömrükdən külli miqdarda şpris geri qaytarıldı. Lakin çox təəssüf edirəm ki, bu gün yenə əmtəə bazarında, apteklərdə qara porşenli keyfiyyətsiz şprislər mövcuddur. Əhali birdəfəlik istifadə olunan, standartlara uyğun şprislərə üstünlük versin”.
Adil Qeybulla: “Keyfiyyətsiz şprislər orqanizm üçün real təhlükə mənbəyidir”
Tibb elmləri doktoru, professor Adil Qeybulla da hesab edir ki, bazarda keyfiyyətsiz şprislərin satılması barədə məlumatlar ciddi şəkildə araşdırılmalıdır: “Bu problem mövcuddur. Xeyli vaxtdır ki, biz də öz təcrübəmizdə şahidi oluruq. Məsələn, şprisdən ya vurulan məhlul axır, ya da şpris çat verir. Təbii ki, bu, məhsulun keyfiyyətsiz olmasının göstəricisidir. Mən xarici ölkələrdə şprislərdən istifadə etmişəm. Onların keyfiyyəti bizdə satılanlardan çox-çox fərqlənir. Hesab edirəm ki, digər bəzi məhsullar kimi bu məhsulun da ölkəmizə ən keyfiyyətsizi idxal olunur. Əslində şprisin hazırlandığı materiallar insan orqanizmi üçun zərərsiz olmalıdır. O baxımdan keyfiyyətsiz şprislər orqanizm üçün real təhlükə mənbəyidir. Həmin məhsullar əlavə problemlər yarada bilər. Tutaq ki, bəzi dərman maddələri ilə reaksiyaya girə bilər və s. Digər tərəfdən, şprislər adətən qamma şüalanma ilə sterilizə olunur. Amma belə bir keyfiyyətdə hazırlanan şprislərin adekvat sterilizasiyası da, təbii ki, şübhə doğurur”.
Günel CƏLİLOVA