Dini bayraqlar altında toy karvanı - bu təxribatı da Bakıda gördük...

Aytəkin Kamranqızı: “Azərbaycan dini deyil, dünyəvi dövlətdir”

img

Bakıda dini bayraqlarla toy karvanı təşkil edilib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Videodan görünür ki, maşınlar dini mahnıların müşayiəti altında hərəkət edir. DİN Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd edilir ki, hadisə oktyabrın 24-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.

Karantin rejimi qaydalarını pozaraq yaşadıqları ünvanda Ağaverdi Balaəhmədov üçün toy şənliyi təşkil edən Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov saxlanılıb.

Maraqlıdır, toy məclislərində, karvanlarda dini bayraqlar qaldırmaq, şüarlar səsləndirmək nə qədər düzgündür?

  • “Toyda bəzi şüarların səsləndirilməsi, müəyyən bayraqların hansısa mənada daşınması, təbii ki, yolverilməzdir”

Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, Azərbaycan dini deyil, dünyəvi dövlətdir: “Bəzi şəxslər lazımsız hərəkətlərə dini bayraqlar altında başqa don geyindirməyə çalışırlar. Ancaq bu düzgün deyil. Bu gün insanlar toy etdikləri zaman istəyirlər ki, özlərini ən gözəl şəkildə təqdim etsinlər. Şənlənmək başqasına zərər verə biləcək formada yox, tam əksinə, hər kəsin hörmətlə yanaşacağı tərzdə olmalıdır. Haqqında danışılan toyda bəzi şüarların səsləndirilməsi, müəyyən bayraqların hansısa mənada daşınması, təbii ki, yolverilməzdir. Məlumatlara görə, dini bayraqlar altında avtoxuliqanlıq edənlərin biri axtarışda olub və həmin şəxslərin də COVİD pasportları olmayıb. Danılmaz faktdır ki, COVİD pasportu dövlətin qoyduğu qaydadır. Pandemiya dövründə olduğumuz üçün insanlar COVİD-19 pasportu və digər tədbirlərə də riayət etməlidir ki, başqalarına bu xəstəliyi yoluxdurmasınlar. Təəssüf ki, həmin adamlar COVİD pasportu olmadan toyda iştirak edib və dövlətin müəyyən etdiyi qaydaları pozublar. Bu şəxslər din pərdəsi altında qayda-qanunları pozublar”.

Günel CƏLİLOVA

Son xəbərlər