Vətən uğrunda can qoyanların həyatı əbədidir - Əmrah Yusif oğlu Cəfərli kimi... - FOTO

img

İkinci Qarabağ müharibəsi başlayandan  minlərlə Vətənin igid övladları kimi Lənkəran rayonunun Şirinsu qəsəbəsində anadan olmuş Əmrah Yusif oğlu Cəfərli də ön cəbhəyə yollanır. Onun ən böyük arzusu mübarizə meydanında yağı düşmənlə son nəfəsinə qədər vuruşub 30 il işğal altında qalan Azərbaycan məxsus torpaqları azad etmək olur.

Bu istəklə çəkinmədən odun-alovun içinə atılır, böyük şücaət göstərir, əzmlə vuruşur. Oktyabrın 15-də 23 yaşında  Xocavənd rayonu uğrunda  gedən döyüşdə aldığı qəlpə yarasından şəhidlik zirvəsinə ucalır. Azərbaycanın yeni, şanlı tarixində ad qoyan qəhrəman Vətən oğlu Əmrah Cəfərli “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülür.

Vətən torpağının  azadlığı uğrunda özünü fəda edən  Əmrah Cəfərlini indi Lənkəran elində hamı ürəyində yaşadır. Onun qısa, lakin olduqca şərəfli ömür yolu  zaman-zaman da gələn nəsillərə örnək olacaqdır. Bu günlər isə onun adına  doğulduğu Şirinsu qəsəbəsində xatirə bulağı tikilib. Uzaqdan belə diqqəti cəlb edən bu saf çeşməli bulağın suyunda sanki Vətənə ilahi bir sevgi çağlayır.  Bulağın açılışına gələn rayon sakinlərinin şərəfli ölümü ilə el-obaya şöhrət olan qəhrəman Əmrah haqqında dedikləri səmimi, qürur dolu fikirlər yaddaşa yazıldı. Bildirildi ki,  Əmrah özünü biləndən həyatının dəyərini Vətənə, xalqına təmənnasız xidmətdə görürdü. Məhz buna görə bizim xoşbəxt gələcəyimiz naminə çəkinmədən sinəsini Vətənə tuşlanan güllələrə sipər etməyi bacardı. Qanını yurdunun torpağına-daşına həkk edə-edə igid oğlumuz  tarixi zəfərimizin müəllifi oldu. O, daim qəlbimizdə yaşamaqla, millətin iftixar  yeri olacaqdır.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Son xəbərlər