44 gün davam edən, xalqımıza zəfər sevincini yaşadan İkinci Qarabağ müharibəsində canı-qanı bahasına erməni dığalarına qan qusduran Tərzan Qəhrəman oğlu Haşimov Lerik rayonunun Bibyanı kəndində dünyaya göz aşmışdı. İndi döyüş meydanında göstərdiyi qəhrəmanlığı dillərdə dastan olan Tərzanla bütün leriklilər fəxr edirlər. Dağlar diyarın igid oğlu müharibəyə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri kimi qatılmışdı.
Bu günlər Tərzan Həşimovun anım mərasımı keçirildi. Mərasımdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Ziyarətçilər birinci şəhidin uyduğu məzarına baş çəkib üzərinə gül-çiçək dəstələri düzdülər, əziz xatirəsinə böyük hörmət və ehtiramını bildirdilər.
Şəhidin ailəsinə gələn ziyarətçilər onların qayğıları ilə ətraflı tanış oldular. Həm də İcra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ölümündən sonra təltif olunmuş "Cəbrayılın azad olunmasına görə" medalı şəhidin atasına təqdim edərək bildirdi ki, oğlunuz müqəddəs bir yolda- Vətən, torpaq uğrunda şəhid olmuşdur. O, cismən aramızdan gedib, mənən qəlblərdə yaşamaqla, zaman-zaman gələn nəsillərə Vətəni sevən, torpağına bağlı layiqli bir oğul kimi örnək olacaqdır. Belə bir qəhrəman oğul tərbiyə etdiyiniz üçün sizintək atalara yalnız minnətdarlıq düşür.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü