Ceyranbatanda sökülməsinə qərar verilmiş, hər an uça biləcək binada hələ də yaşayış var...

Ceyranbatan qəsəbə Mənzil Təsərrüfatı Istehsalat Istismar Təmir Sahəsi: “Sakinlərin köçürülməsi barədə görüləcək tədbirdən məlumata malik deyilik”

img

Bu gün, paytaxt Bakı da daxil olmaqla, ölkənin müxtəlif ərazilərində qəzalı vəziyyətdə olan binalar var. Belə binalardan biri də Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşir.

Məlumat üçün bildirək ki, haqqında qeyd edəcəyimiz bina 1951-ci ildə tikilib. Həmin binanın qəzalı vəziyyətdə olması, yaşayış üçün uyğun olmaması barədə rəsmi rəy verilsə də, qərar icra edilmir. Nəticədə sakinlərin həyatı üçün təhlükə hər an artır. Həmin binada yaşayanlar binadan tezliklə köçürülmələrini istəyirlər. Sakinlər qeyd edir ki, binanın vəziyyəti yaşayış üçün uyğun deyil, hər an xoşagəlməz hal baş verə bilər. İnsan təlafatının olmaması üçün aidiyyəti qurumlar məsələni ciddiyə almalıdır.

Sakinlər onu da qeyd edir ki, yaşayış binasının pilləkəni dağılıb, birinci mərtəbə ikinci mərtəbədən aralanıb, evin döşəməsi çöküb, zirzəmiyə yarım metrə qədər su yığılıb: “Rayon icra hakimiyyətinin nümayəndələri gələrək binaya baxış keçiriblər və binanın yaşayış üçün təhlükəli olması qənaətinə gəliblər. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin də sakinlərin dərhal köçürülməsi ilə bağlı rəyi var”.

  • “Hazırda qəzalı vəziyyətdə olan binada yaşamaq məcburiyyətində qalan sakinlər aidiyyəti dövlət qurumlarının atacağı addımları gözləyir”

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin Ceyranbatan qəsəbə Mənzil Təsərrüfatı Istehsalat Istismar Təmir Sahəsindən bildirildi ki, sakinlərin köçürülməsi barədə görüləcək tədbirdən məlumatsızdırlar: “Hazırda qəzalı vəziyyətdə olan binada yaşamaq məcburiyyətində qalan sakinlər aidiyyəti dövlət qurumlarının atacağı addımları gözləyirlər. Məsələ diqqətdədir. Aidiyyəti qurumların qərarından sonra sakinlər köçürüləcək”.

Günel CƏLİLOVA

Son xəbərlər