Qəribədir, respublikamız inkişaf etdikcə Lerik rayonunun dağ kəndlərində əhalinin rifahı günü-gündən aşağı düşür. Rayonun Vənədi, Conu, Vılıq, Qışlaq, Daster, Vıjaker, Dzdipok, Ləkər, Hamarat, Loda, Vov, Bradi... yaşayış məntəqələrində sosial vəziyyət dözülməz dərəcədə ağırdır. Hətta bu kəndlərdə işsizlik ucbatından bir qarın çörəyə möhtac olanlar vardır. İşsizlik, ağır sosial həyat çoxunu öz doğma yurdundan perik salıb. İndi Lerikin əksər yurd yerində çırağı sönmüş ocaqların sayı bilinmir. Kolxoz, sovxoz dövründə buralarda tikilmiş yaraşıqlı, iki mərtəbəli evlərin çoxu insan nəfəsinə həsrət dağılıb gedir.
Artıq indinin özündə də Lerikin durnagözlü bulaqlarını, saf havasını, bərəkətli torpaqlarını qoyub gedənlərin sayı azalmır. Bunun da əsas səbəbi odur ki, dağlar diyarında insan amili çoxdan unudulub. Kəndlər də 30 ildir sosial sahədə bir sanballı iş görülmür. Üstəlik sovetdən qalanlar da talanıb gedir. Qarabağı erməni vandalları dağıtdığı kimi, Lerikin dağ kəndlərini də elə onun özündən olan məmur dəstəsi ağlar günə qoyur.
Lerikdə sadə kənd adam ağır bir həyat yaşayır. Bu güzəranı, yaşayış tərzini görəndə adamın inanmağı gəlmir ki, buralar Azərbaycana məxsusdur. Vəziyyət yalnız ölkədə olan inkişafa xələl gətirir. Yağış yağanda kəndlərin içinə girmək olmur. Günlərlə işıqların sönməsi adi hal alıb. Uzun illərdir ictimai nəqliyyatın yoxluğu camaatı girinc edib. Soyuq qışda yanacaq qıtlığının yaratdığı mənzərə dəhşətli olur. Sadə kəndli meşəyə buraxılmır, kəndlərə qaz da çəkilmir. Tibbi xidmətdən danışmağa dəyməz. Son vaxtlarda dediyim kəndlərdə xəstəlikdən sağalan olmayıb... Bir tərəfdən də hərc-mərcliyin yaratdığı çətinliklər mollalar, ara sürücülər, eləcə dükan sahibləri üçün əsl meydan açır. Vaxtilə dağ vüqarlı, halal kişilərin yerində indi elin xoş, bəd günlərində erməni dığalardan geri qalmayan mollalar şellənir... Bundan əlavə, imansız dükan sahibləri millətin bu çətin günlərində daha yaxşı qazanırlar. Lənkəranın böyük şirkətlərinin atılmış, vaxtı keçmiş ərzaqlarını istədikləri qiymətə hər şeydən inamı itmişlərə sata bilirlər...
Bax belə-belə naqis əməllərdir sovet vaxtı şöhrəti dildən-dilə gəzən, şəhərdən geri qalmayan kəndləri çıraqsız qoyan...
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü