Məlumatlara görə, Xətai rayonu Zakir Yusifov adına 194 nömrəli tam orta məktəb daxilində Xətai şəhidlərinin foto və bioqrafiyalarından ibarət güşə düzəldilməsi üçün hər şagirddən 6 manat pul tələb olunub. Hətta bununla bağlı bəzi valideynlər pulun verilməsinə etiraz etsə də, sinif rəhbərləri valideynlərin “Watsapp” qrupuna səs göndərərək şəhid güşəsi üçün deyilən məbləğı tələb etməkdə davam ediblər.
Bu barədə Zaur Əliyev adlı şəxs öz etirazını bildirib. O qeyd edir ki, məktəbdə şəhid adına 5 manat pul tələb edilib. Buna etiraz edəndə isə onun pulu geri qaytarılıb: “Müəllimin günahı yox idi. Rəhbərlik buna icazə verməməlidir. Amma direktor da boynuna götürmədi. Dediyinə görə, valideynlərlə müəllimin öz təşəbbüsüdür və pulun yığılmasından xəbəri olmayıb. Mənim şikayətimdən sonra təcili iclas keçirildi və guya pullar geri qaytarıldı. Müəllimi irəli verdi. Pulların yığılmasını təşkil edən isə əməkdar müəllim və sözün əsl mənasında zəhmətkeş insandır. Hələ bu məsələdə töhmət də aldı”.
194 saylı məktəb: “Yığılan pul valideynlərə geri qaytarılıb”
Məsələ ilə bağlı 194 saylı məktəbdən deyildi ki, valideynlər qrupunda yayılan səs yazısı müəllimə deyil, valideynə aiddir: “Yığılan pul valideynlərə geri qaytarılıb”.
Bakı Şəhər Təhsil İdarəsi: “3 “c” sinfində valideynlərin təşəbbüsü ilə təşkil olunmuş pul yığımı məktəbin direktoru tərəfindən dayandırılıb və yığılan vəsait valideynlərə qaytarılıb”
Bakı Şəhər Təhsil İdarəsindən isə bildirildi ki, valideynlərdən birinin müraciəti əsasında müvafiq araşdırma aparılıb: “Araşdırma zamanı müəyyən edilib ki, 2020-2021-ci tədris ilinin ikinci yarımilində məktəbin 3 “c” sinfində valideynlərin təşəbbüsü ilə təşkil olunmuş pul yığımı məktəbin direktoru Elnarə Zeynalova tərəfindən dayandırılıb və yığılan vəsait valideynlərə qaytarılıb. 3 “c” sinfinin rəhbəri Qəmsiyyə Paşayeva valideynlər arasında kommunikativ münasibətlərin tənzimlənməsində yol verdiyi nöqsana görə intizam məsuliyyətinə cəlb olunub”.
Günel CƏLİLOVA