Bakının Sabunçu rayonu Yeni Balaxanı qəsəbəsinin sakinləri uzun müddətdir ki, qazın verilişi ilə bağlı narazılıq edir. Sakinlər bildirirlər ki, ərazidə həftənin bir neçə günü gündüz saatlarında qazın verilişi dayandırılır.
Təbii qazın verilişi yalnız 18:00-dan sonra bərpa edilir: “Hər dəfə qazın verilişi bərpa olunanda xətləri yoxlamaq üçün öncə hava vururlar. Sobanı yandırarkən, qaz yerinə hava gəlir. Bu isə sayğacların əlavə məsrəf yazmasına səbəb olur. “Azəriqaz”ın əlindən bizim mətbəxdə ocağımız yanmır. Camaat o qədər elektrikə yüklənir ki, ayın axırında hər kəs limiti keçmiş olur”.
Sakinlər onu da qeyd edir ki, yaranmış vəziyyətlə bağlı dəfələrlə aidiyyəti quruma müraciət etsələr də, heç bir faydası olmayıb.
“Ora 2000 abonentlik ərazidir, işlər ərazidə hissə-hissə bağlantılar aparılmaqla icra olunur”
Yeni Balaxanı ərazisində qazın verilişində problemin nə səbəbdən yaranması ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirdi ki, problem ərazidə görülən işlərlə bağlıdır: “Yeni Balaxanı qəsəbəsində dayanmalar Təmiz Qaz tərəfindən aparılan işlərlə bağlıdır. Ora 2000 abonentlik ərazidir, işlər ərazidə hissə-hissə bağlantılar aparılmaqla icra olunur. Buna görə də, qazın verilişində müəyyən fasilələr yaranır. Görülən işlər yalnız və yalnız abonentlərin təhlükəsiz və davamlı mavi yanacaqla təmin olunmasına xidmət edir. Bu işlər görülməsə, xətlər yoxlanmasa, yarana biləcək sızmalar onlar üçün təhlükə yarada bilər. Buna görə də, abonentlərdən anlayışlı olmaları xahiş olunur. Qısa zamanda məsələ tam həll olunacaq”.
Günel CƏLİLOVA