Dünyanı cənginə alan ölümcül virus hələ də davam etməkdədir. Müxtəlif ölkələrdə virusa yoluxma və ölüm halları statistikası fərqli rəqəmlərlə müşahidə olunur. Dünya səhiyyəsinin virusla mübarizəsi yoluxma faizinin artması, yeni dalğaların olması fonunda, hələ ki, zəif görünür.
COVID-19 infeksiyası 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi əyalətinin Uhan şəhərində yerli sakinlərdə naməlum mənşəli pnevmaniyanın ilk aşkar olunması ilə başladı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. O vaxtdan bugünə qədər dünyaya yayılan bu xəstəlik səngimək bilmir.
Adıçəkilən xəstəlikdən qorunmaq üçün sosial məsafə saxlanılmalı, tibbi maskadan istifadə edilməli, gigiyenik qaydalara riayət edilməli və vaksin vurulmalıdır.
Yoluxmanın yayılmaması üçün insanlar qapalı məkanlarda maskadan istifadə etməlidir.
Məlumdur ki, apteklərdə maskanın satış qiyməti 20 qəpikdir. Ancaq marketlərdə maska 20 qəpiyə deyil, 50 qəpiyə satılır.
Maraqlıdır, marketlərdə maskanın qiyməti kim tərəfindən müəyyən edilir? Onu da qeyd edək ki, marketlərdə satılan maskalar tibbi baxımdan keyfiyyətli sayılmır.
“Vəziyyətdən çıxış yolu kimi ya yerli müəssisələrin sayı artırılmalı, ya da vergi dərəcələri ilə bağlı müvəqqəti güzəştlər tətbiq edilməlidir”
Sosial sahə üzrə ekspert Mayis Əliyev bildirdi ki, tibbi maskalar apteklərdə satılsa daha yaxşı olar: “Ola bilər ki, kimsə marketə təcili daxil olarkən üstündə maska olmasın. Vəziyyətdən istifadə edən market rəhbərliyi maskanı bu halda 50 qəpiyə satır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, hazırda maskanın qiyməti digər ölkələrlə müqayisədə bahadır: “Yerli istehsalda rəqabət yoxdur. Bu da qiymətin yüksək olmasına səbəb olan amillərdəndir. Rusiya, Qazaxıstan kimi ölkələrdə 10-larla belə müəssisə var ki, bu da rəqabətli mühit yaradır. Maska istehsalı ilə məşğul olan müəssisənin xammalı da xaricdən, əsasən Çindən gətirilir. Təbii ki, bu zaman məhsulun maya dəyəri yüksəlir. Vəziyyətdən çıxış yolu kimi ya yerli müəssisələrin sayı artırılmalı, ya da vergi dərəcələri ilə bağlı müvəqqəti güzəştlər tətbiq edilməlidir”.
Günel CƏLİLOVA