Masallıda şəhidlərə həsr olunmuş tədbir keçirildi - FOTO

İkinci Qarabağ müharibəsində Vətən torpaqlarının azadlığı uğrunda canından keçən Masallının qəhrəman oğullarının adları rayon sakinlərinin tərəfindən həmişə iftixarla çəkilir. Ən əsası, rayonun mədəni-maarif müəssisələrində onlarla bağlı tədbirlər ara vermir. Şəhidlərə həsr olunmuş növbəti belə tədbir Rəhim Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyində baş tutdu.
Tədbirə şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, mədəniyyət işçiləri, gənclər və rayonun fəalları qatılmışdı. Şəhidlərin xatirəsi bir dəqiqəlik ehtiramla yad ediləndən sonra açılış sözü söyləyən Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva Vətən müharibəsinin başlanması ildönümü, ötən dövr ərzində şəhid ailələrinə, müharibə iştirakçılarına göstərilən qayğı və bu sahədə görülən digər işlərdən, eləcə də atəşkəs dövrdə ölkəmizin münaqişənin ədalətli, beynəlxalq hüquq prinsipləri çərçivəsində həllinə göstərdiyi səylər, ölkə Prezidentinin bir neçə il öncə Valday konfransındakı qətiyyətli çıxışından ətraflı danışdı.
Masallı Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı, Vətən müharibəsi iştirakçısı Nurlan Muradov çalışdığı şöbənin fəaliyyəti, şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı görülmüş sosial tədbirlər barədə məlumat verdi. O, həm də müharibə iştirakçısı kimi şəxsi döyüş təcrübəsindən söhbət açdı.
Birinci Qarabağ Müharibəsi iştirakçısı Nahid Rəhimov isə Masallıdan olan əsgərlərin döyüşlərdə göstərdikləri igidlikdən, Vətən müharibəsinə qatılan könüllü gənclərin yüksək vətənpərvərlikdən qürurla söz saldı.
Digər çıxış edənlər də oldu. Onlar ordumuzun döyüşlərdə göstərdiyi şücaətini, dövlətin, ictimaiyyətin şəhid ailələri və müharibə iştirakçılarına olan həssas münasibətini, diqqətini dilə gətirdilər.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü