Qarabağ müharibəsi iştirakçısının Məşğulluqdan aldığı 4 min manatlıq heyvan xəstə çıxıb - kimin “yaxasından” tutulmalıdır?..

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - Mayis Musayev: “Təhvil-təslim zamanı vətəndaş özü prosesdə iştirak edib, ərazi məşğulluq mərkəzi ilə vətəndaş arasında akt imzalanıb”

img

Qarabağ müharibəsinin iştirakçısı olmuş Məhəmmədli Etibar Ədalət oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən narazıdır.

Qazinin dediyinə görə, qurumun tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində ona dəyəri 4 min manat olan üç baş heyvan verilib, akta qol çəkdirilib: “Hər üç inək xəstədir və agentlik heyvanları geri almaqdan imtina edir. Bizə belə xəstə heyvan nəyə lazımdır? Üç xəstə mal verməkdənsə, bir sağlam, balalayan inək versələr daha yaxşıydı. Bu cür yollarla adını özünüməşğulluq qoyub, insanları aldadırlar, pul silirlər. Prezident bilməlidir ki, məmurlar belə oyunlarla məşğuldur. Mən bu xəstə heyvanları nə etməliyəm?”.

  • “Heyvanların sağlamlığı və təsərrüfat artımı üçün yararlılığına dair həm baytarlıq rəyi, həm də AQTA-nın rəyi alındıqdan sonra heyvanlar vətəndaşa təqdim edilməsi üçün göndərilir”

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin müdiri Mayis Musayev bildirdi ki, postmüharibə dövründə sosial dəstək tədbirləri çərçivəsində Vətən müharibəsi iştirakçısı Məhəmmədli Etibar Ədalət oğlu növbədənkənar özünüməşğulluq proqramına cəlb edilib və 08.06.2021 tarixində iribuynuzlu heyvandarlıq zərfi üzrə (3 baş inək və 400 kq yem) aktivlərlə təmin edilib: “Təhvil-təslim zamanı vətəndaş özü prosesdə iştirak edib, ərazi məşğulluq mərkəzi ilə vətəndaş arasında akt imzalanıb. Heyvanların sağlamlığı və təsərrüfat artımı üçün yararlılığına dair həm baytarlıq rəyi, həm də AQTA-nın rəyi alındıqdan sonra heyvanlar vətəndaşa təqdim edilməsi üçün göndərilir. Aktivlər təqdim edilən zaman vətəndaşla imzalanan müqavilədə qeyd edildiyi kimi, şəxs təhvil aldığı əmlakda hər hansı qüsur aşkarladığı halda bu barədə məlumatı, habelə qüsurları təsdiq edən sənədləri  əmlakı təhvil aldıqdan ən gec 30 gün sonra Filiala təqdim edərək həmin aktivlərin yenisi ilə əvəz edilməsini tələb edə bilər. Proqrama cəlb edilən zaman hər bir vətəndaşa bu barədə ətraflı məlumat təqdim edilir. Təhvil-təslim zamanı foto və video çəkilişi həyata keçirilir. Bütün məlumatlar nazirliyin saytında ictimai açıq formada yerləşdirilir. Təhvil-təslim zamanı Etibar Məhəmmədli göstərilən dəstəyə görə öz təşəkkürünü bildirib. Bunu təhvil-təslim zamanı çəkilən videodan da aydın görmək olar”.

Günel CƏLİLOVA

Son xəbərlər