Qəfəs içində olan Lerik rayonunun Aküşəpeştə kəndi...

Təbiətin ən gözəl guşəsində qərar tutan Lerik rayonunun Aküşəpeştə kəndinin ərazisi indi başdan-başa çəpər içindədir. Bərəkətli torpaqları ilə tanınan kənd çəkilən çəpərlərə görə günbəgün əvvəlki şöhrətini itirir. Çəkilən çəpərlər burada haqq, ədalət də qoymayıb. Belə ki, bir nəfər qolu zorlu, dili söyüşlü adam kənd camaatına məxsus hektarlarla örüşü, kiçik meşə yerini, dərə kənarını yüzlərlə qırdığı cavan ağac hesabına çəpərləyib.
Kənddə pay torpaqlardan əlavə çəpərlənən yerlər beş-altı nəfərə xidmət edir. Çəpər sahibləri o qədər sərbəstdirlər ki, hətta yolları belə bağlayıblar. 10 nəfərin istifadə etdiyi örüşdən, meşənin, dərənin bol bərəkətindən hazırda bir adam bəhrələnir. Meşələrdə, dərə kənarlarında olan, təbiətin yetişdirdiyi müxtəlif növ meyvə ağacları yalnız qanunsuz salınmış çəpər sahibinə məxsusdur. Kəndin gözəlliyinə qənim olanlar elə bu yerlərin hesabına özlərinə Lənkəranda, Bakıda da rahat şərait yaradıblar. İlin çox vaxtını oralarda olurlar. İstilər düşən kimi kəndə qaçır, təbiətin başına min oyun açırlar. Bir də ən acınacaqlı hal odur ki, qonşu susuz qaldığı halda, çəpərin içində olan bulaq səmərəsiz axdığı üçün ətraf bataqlığa dönür.
Daha bir fakt. Aküşəpeştəni Bradi kəndindən bir çay ayırır. Uzun müddət hər iki kəndin camaatı mehriban şəkildə çayın bol suyundan istifadə edib. İndi çayın ətrafı elə çəpərlənir ki, bradililərin mal-qarası yaz, yay aylarında su içməyə çaya yaxın gedə bilmir...
Təbiət zalımdan və zülmdən artıq cana doyub. Onun harayını eşitməmək yalnız fəlakətə yol açır.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü