DİN saxta COVİD pasportları ilə mübarizənin yeni həlledici etapını başlatdı…

Azərbaycan vaksinasiyanın tətbiqinə başlayan ilk ölkələr sırasındadır. Dövlət vətəndaşların sağlamlığını qorumaq üçün vaksinlərin alınmasına külli miqdarda vəsait xərcləyir. Amma təəssüf ki, son vaxtlar saxta peyvənd sertifikatının verilməsi faktları da artıb. Bu isə yoluxma hallarının artmasına, bununla yanaşı dövlətin bu sahəyə ayırdığı pulların havaya sovrulmasına səbəb olur. Digər tərəfdən, peyvənd əleyhinə elmi əsası və sübutu olmayan fikirlərin yayılmasına gətirib çıxarır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev media nümayəndələrinə açıqlamasında bildirib ki, saxta COVID-19 pasportu satanla yanaşı, o sənədi alan və istifadə edən şəxs də cinayət məsuliyyəti daşıyır. Vətəndaşın bu sənədi almaq üçün verdiyi rüşvət maddəyə tövsif edilə bilər: “Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən, saxta sənəd hazırlamaq və istifadə etmək məsuliyyət yaradır: “Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının digər sənədlərini satma 3 min manatdan 6 min manatadək cərimə və iki ilədək müddətdə islah işləri və ya iki ilədək müddətdə azadlıqdan mərhum etmə cəzası ilə cəzalandırılır. Bu məcəllənin göstərilən digər normasında vurğulanır ki, bu saxta sənədləri bilə-bilə istifadə etmək daha ağır cəzadır. Saxta COVID-19 pasportu alan vətəndaş bilir ki, onun bu sənədi saxtadır. Burada artıq ehtiyatsızlıq yox, qəsd var. Şüurlu şəkildə müəyyən vəsait ödəməklə alırlar və onların bu əməli qiymətləndirilib daha ağır formada cəzalandırıla bilər. Bu tədbirlərin geniş miqyasda davam etdirilməsi, vətəndaşlardan bu barədə daxil olan siqnalların yoxlanılması daxili işlər orqanları ilə birlikdə Baş Prokurorluq tərəfindən davam etdirilir. Bu əməlləri törədən şəxslərin hər biri barəsində Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq qətimkan tədbirləri seçilir”.
Saxta vaksin pasportu verən şəxslərlə yanaşı, bu sənədi alanların da cinayət məsuliyyətinə cəlb olunması təqdir olunur.
- “Vaksinasiya əhalinin sağlamlığı üçündür, milli təhlükəsizliyimizin, milli genofondumuzun qorunmasına yönələn prosesdir”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, vaksinasiya prosesində dövlət hər hansı maddi maraq güdmür. Vaksinasiya əhalinin sağlamlığı üçündür, milli təhlükəsizliyimizin, milli genofondumuzun qorunmasına yönələn prosesdir: “Pandemiyanın tüğyan etdiyi zamanlarda həkimlərimiz fədakarlıq göstərdilər, bəziləri ailəsinin üzünü aylarla görmürdü. İndi isə bəzi həkimlərin xoşagəlməz addımlarını görürük, bu, tibb adına ləkədir. Ancaq onu da nəzərə almaq lazımdır ki, bəzi şəxslər həkimləri saxta vaksin sənədi ilə bağlı təşviq edir. Bu səbəbdən də həkimlərlə yanaşı, saxta vaksin pasportu alan şəxslər də məsuliyyətə cəlb olunmalıdır. O şəxslər bilərəkdən həm öz sağlıqlarını, həm də ətraflarında olan şəxslərin həyatını risqə atırlar”.
Günel CƏLİLOVA