Vətən müharibəsində bir ayağının hərəkətini tam itirmiş Talıb Rzayev dərəcə ala bilmir…

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi - Tural Qurbanov: “Müayinənin nəticələri əsasında onun əlilliyinin obyektiv şəkildə qiymətləndirilməsi ilə bağlı təhlillər aparılır”

img

Zəfər qələbəsinin 1 ilinin tamam olmasına az qalıb. Qəhrəman ordumuzun göstərdiyi şücaətlə, milli birliyimizlə bağlı cəmiyyətdə yaranan eyforiya bitəndən, toz-duman yatışandan sonra qəhrəmanların bəzisi qaldılar ortada təkbaşına.

O qəhrəmanlar ki, vətən uğrunda döyüşlərə qatıldılar və yaralandılar. Düşməni sərhədlərimizdən qovdular, 30 illik daş sipərləri aşdılar. Onların bu fədakarlığı hərbçilərin sağlamlıqlarını itirməsinə səbəb oldu. Bu gün çoxlu sayda qazi əlillik dərəcəsi ala bilmir. Onları get-gələ salırlar.

44 günlük Vətən müharibəsində yaralanan Talıb Rzayevin bir ayağı tamamilə hərəkətsiz olmasına baxmayaraq, ona əlillik dərəcəsi verilmir. Qeyd edək ki, Talıb Füzuli, Hadrut, Qubadlı və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib, Daşaltı kəndində qəlpə yarasından xəsarət alıb. Onu da qeyd edək ki, adıçəkilən şəxs Vətən müharibəsində göstərdiyi şücaət və igidliyə görə bir sıra medallarla təltif olunub.

T.Rzayevin bildirdiyinə görə, yaralandığı vaxtdan etibarən Müdafiə Nazirliyinin müxtəlif hərbi hospitallarında müalicə olunub:  “Lakin bütün müalicələrə baxmayaraq, əvvəlki sağlamlığıma qovuşa bilməmişəm. Həkimlər ayağın amputasiya olunmaması üçün ayaq nahiyəsinə implant qoydular: “Ayağım hərəkətsiz olduğu üçün heç bir yerdə işləyə bilmirəm. Əlillik dərəcəsi almaq üçün aidiyyəti qurumlara müraciət etmişəm. Ancaq bugünə kimi heç bir cavab verilməyib”.

  • “Qiymətləndirilmənin nəticəsində qərar qəbul olunacaq və bu barədə həmin şəxsə də məlumat göndəriləcək”

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirdi ki, onun əlilliyinin qiymətləndirilməsi ilə bağlı təhlillər aparılır: “Gəncə şəhər sakini Talıb Rzayev  əlilliyin qiymətləndirilməsinə dair müraciət edib. Onun müraciətinə əsasən bir neçə gün əvvəl Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müayinəsi həyata keçirilib. Müayinənin nəticələri əsasında onun əlilliyinin obyektiv şəkildə qiymətləndirilməsi ilə bağlı təhlillər aparılır. Qiymətləndirilmənin nəticəsində qərar qəbul olunacaq və bu barədə həmin şəxsə də məlumat göndəriləcək”.

Günel CƏLİLOVA

Son xəbərlər