Xəbər verdiyimiz kimi, uzun illərdir Lerikdə ictimai nəqliyyat işləmir. Halbuki, sovet vaxtı bu dağ rayonunda 28 avtobus xətti fəaliyyət göstərirdi. Respublikamız müstəqillik qazanan kimi xətlər bağlandı. Məhz buna görə də əhali bir yerə gedib-gəlməkdə böyük problemlə üzləşir. Bütün əlaqədar təşkilatlara aydın olan bu sosial məsələ isə öz həllini tapmır ki, tapmır. Bir də Lerikdən başqa, Azərbaycanın hər yerində camaat ictimai nəqliyyatın xidmətindən istifadə edə bilir. İndi rayonun çox kəndindən mərkəzə gediş-gəliş 20 manata başa gəlir. Qiymət yüksək olduğuna görə mərkəzə getmək məhdud maddi imkanlı insanlara qətiyyən sərfəli deyil.
Dövlət son vaxtlar əhalinin rahatlığı üçün rayonun əsər ucqar dağ kəndlərinə belə asfalt yol çəkib. İctimai nəqliyyatın yoxluğu səbəbindən qanunsuz taksiçiliklə məşğul olan sürücülər dövlətin yaratdığı rahatlığını artıq cəhənnəm əzabına döndəriblər. Gedilən yolun qiymətini özləri təyin edirlər, dinənin də ağzından vururlar. Məcbur qalıb bir yerə çıxanda, qiymətdən əlavə, üstəlik adamın abır-həyası da gedir. Nədənsə rayonda xalqın taleyinə məsul olan şəxslər bu rüsvayçı vəziyyətlə maraqlanmır.
Piran kəndi Lerikin böyük yaşayış məntəqəsidir. Rayon mərkəzindən təqribən 40 kilometr aralıda yerləşir. Ətraf kəndlərdən də mərkəzə getməkdən ötrü buraya düşməni olurlar. Lənkəran-Lerik avtomobil yolu kəndin mərkəzindən keçir. Bu rahat yol neçə illərdir taksiçilərin əsarəti altındadır.
İndi leriklilər bütün bu acınacaqlı vəziyyətdən qurtarmaq üçün yalnız kəndlərə işləyən ictimai nəqliyyatın bərpasını istəyirlər...
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü