Rəsulzadə qəsəbəsində şəhidin adını daşıyan park bərbad günə qalıb - kimdən soruşaq?..

Binəqədi rayon İcra Hakimiyyəti: “Parkla bağlı yenidənqurma işləri aparılacaq”

img

Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmür. Aylar, illər keçdikcə, onların göstərdiyi igidliklər dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür. Beləliklə, xalq öz qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan oğul və qızlarımızın adını əbədiləşdirmək, xatirəsini əziz tutmaq üçün ölkəmizin bütün bölgələrində abidələr qoyulur, bulaqlar tikilir, parklar salınır. Təəssüf ki, şəhid adının əbədiləşdirilməsi məqsədilə qoyulan bəzi abidələrin, tikilən bir sıra bulaqların ətrafında baxımsızlıq ucbatından xoşagəlməz mənzərə yaranıb. Bu mənzərə ilə rastlaşanda çoxumuz, xüsusən də şəhidin yaxınları sözlə ifadə olunmayan sarsıntı keçirir.

Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbə sakinləri Şəhid Ramiz Aboyev adına Mədəniyyət və istirahət parkının baxımsızlığından narazıdırlar. Bildirirlər ki, günün bütün saatlarında istirahət üçün istifadə etdikləri, uşaqların oynadığı bu məkanda hava qaralandan sonra oturmaq, gəzmək mümkün deyil. Park qaranlıqdır, karusellərin isə bir çoxu işləmir, uşaqlarını araba ilə gəzdirən analar yolların kələ-kötürlüyündən əziyyət çəkir: “Parkda cəmi 2-3 karusel var idi, onları da söküblər. Parkda olan elektrikli maşın, yelləncək, “vikinq”, delfin və başqa attraksionları çıxarıb aparıblar. Uşaqlar elektriklə işləməli olan karuselləri əlləri ilə işlədib oynayırlar. Onları götürüb, parkın düz ortasına başqa 2 ədəd karusel qoyublar, park çox səliqəsiz görünür”.

Məlumat üçün bildirək ki, parkda 2 şəhidin abidəsi var. Biri - şəhid Aboyev Ramiz Nazim oğlu Qarabağ müharibəsi başlayan zaman, həqiqi hərbi xidmət keçməsinə baxmayaraq, könüllü olaraq özünümüdafiə batalyonunun Şuşa şəhərində ordu sıralarına yazılıb və kəşfiyyatçı olub. İkinci şəhid isə 1992-ci ildə şəhid olan Hüseynov Arif Qasım oğludur.

  • “Ramiz Aboyev adına Mədəniyyət və istirahət parkının yenidən qurulması, təmiri və abadlaşdırılması ilə bağlı işlər mərhələli şəkildə öz həllini tapacaq”

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən bildirildi ki, parkda yenidənqurma işləri aparılacaq: “Ramiz Aboyev adına Mədəniyyət və istirahət parkının yenidən qurulması, təmiri və abadlaşdırılması ilə bağlı işlər mərhələli şəkildə öz həllini tapacaq. Hazırda bununla bağlı layihələndirmə istiqamətində işlər davam edir”.

Günel CƏLİLOVA

Son xəbərlər