Masallı Rayon Gənclər və İdman İdarəsinin, Masallı rayon “Gənclər evi” sosial xidmət müəssisəsinin və Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq muzeyinin birgə təşkilatçı ilə gənclər üçün “Tariximizi öyrənək və təbliğ edək” mövzusunda Rayon Tarix-Diyarşünaslıq muzeyinə ekskursiya təşkil edildi. Ekskursiyanın təşkilində məqsəd Milli-mədəni irsin və təbiətin gənclərə daha yaxından tanıdılması idi.
Tədbir Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış ilə açıldı. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən xüsusi diqqət və qayğıdan danışdı, gənclərin hər birinə xalqın milli-mənəvi dəyərlərinə hörmət bəsləməyi , öz əməllərində yaşatmağı və hər zaman üçrəngli Azərbaycan bayrağını uca tutmağı arzuladı. Masallı Rayon Tarix-Diyarşünaslıq muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyevanın çıxışı daha çox gənclərdə maraq yaratdı. Ə.Tağıyeva gənclərə muzey barədə geniş məlumat verərək dedi: - Muzeyimizin ümumi sahəsi 1861 kvadratmetr olmaqla burada 5 ekspozisiya zalı fəaliyyət göstərir. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, eləcə rayonun həyatı ilə bağlı geniş məlumatlar toplanıb. Muzeyimiz çox zəngindir. Belə ki, burdakı eksponatların sayı 7 mini keçib. Onlardan 2 mini ekspozisiya zalında nümayiş etdirilir. Müstəqillik tariximizə xüsusi yer ayırmışıq. Bu əziz günü xalqımıza bəxş edən ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr qurulub. Onu da bildirim ki, muzeydə rəsm, fond otağı, sərgi və müxtəlif tədbirlərin keçirilməsi üçün zallar da nəzərdə tutulubdur.
Sonra Ə. Tağıyeva gəncləri muzeydə olan eksponatlarla tanış etdi, rayon ərazisində aparılan arxeoloji tapıntılar zamanı əldə olunmuş, tariximizin müxtəlif dövrləri özündə yaşadan maddi-mədəniyyət nümunələri haqqında onlara ətraflı məlumat verdi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü