Bakı zooparkında heyvanlara işgəncə? Xəstə-sağlam bir yerdə, yemək bir dəfə...

Bakı Zooloji Parkında çalışan peşəkar mütəxəssislərin işdən çıxarıldığı iddia edilir. Bu barədə sosial şəbəkədə paylaşım edilib. Paylaşımda qeyd edilir ki, işçilərin azad edilməsi ilə bağlı qərarı Bakı Zoologiya Parkına yeni təyin edilən icraçı direktor Nəzakət İsayeva verib. Azad edilən işçilərin yerinə isə heyvanların baxımı ilə bağlı məlumatsız olan yaxın qohumlarını işə götürür.
İddialar arasında Bakı Zooloji Parkında saxlanılan heyvanların vəziyyətinin yaxşı olmadığı da yer alır. Bildirilib ki, iki ay yarımdır zoopark heyvanlar üçün cəhənnəmə çevrilib: “Xəstə və sağlam heyvanlar eyni yerdə saxlanılır. Zooparkda baytar yoxdur, heyvanların sağlamlığına nəzarət edən yoxdur. Yeməkləri isə az-az və gündə bir dəfə verilir. Heç su da verilmir. Heyvanlar çox pinti şəraitdə saxlanılır, vaxtlı-vaxtında təmizlənmir. Videolara baxın, görün çörəyi necə yeyirlər, hansı şəraitdə sağ qalmağa çalışırlar. Belə davam edərsə, heyvanlar öləcək. Ayının pəncələrində problem olduğundan yeriyə bilmir, pələngin gözləri görmür və s. Onları xilas etməsələr, məhv olacaqlar”.
O da qeyd edilir ki, N.İsayeva əsassız olaraq 6 nəfəri işdən azad edib: “Biz oradakı quşların və ayıların vəziyyətindən narahatıq. Heyvanlar günlərlə ac saxlanılır. Elə quşlar var ki, yalnız buğda yeyirlər, ancaq onlara arpa, yemədikləri digər “qidalar” verilir. Heyvanlara tərəvəzlər verilməlidir, lakin alınmır. Azər Hüseynovun rəhbərliyi altında heyvanların xüsusi qida rasionu var idi, saxlanma yerləri təmiz olurdu. Hazırda, bildiyimiz qədər, o, məzuniyyətdədir. O, bu prosesləri çox yaxşı idarə edirdi. İki aya yaxındır direktor vəzifəsinə Nəzakət İsayeva gətirilib. Heyvanlara normal qida vermədikləri üçün əməkdaşlar özləri qida alır. Kimin gücü nəyə çatırdısa, kələm, kök, çörək, alma, qarpız, müxtəlif meyvələr alıb gətirirdilər. Daha sonra buna da qadağa qoydular. Bütün işçilər öz heyvanlarını sevirdi və onlara ürəkdən qulluq edirdilər. Zoopark özü heyvanlar üçün zəruri olan qida rasionunu qaydasında vermirdi. Təsəvvür edin ki, o boyda ayıya vedrənin yarısında makaron və balıq verirdilər. Heyvan bununla doymur. Yemək üstündə nə qədər dava edirdik, bir Allah bilir. İndi də kim onlarla mübahisə edirsə, işdən çıxarılır”.
- “Burda vəziyyət çox yaxşıdır, kim nə yazıb, bilmirəm, məlumatsızam”
Məsələ ilə bağlı Bakı Zooloji Parkla əlaqə saxladıq. Parkın direktor vəzifəsini icra edən Nəzakət İsayeva bildirdi ki, onun haqqında səslənən iddialar əsassızdır: “Burda vəziyyət çox yaxşıdır. Kim nə yazıb, bilmirəm, məlumatsızam. Hər şey qaydasındadır”.
Günel CƏLİLOVA