Səhiyyə Nazirliyi: “Pfizer” peyvəndi bölgələr üzrə yaradılmış regional mərkəzlərdə vurulur, buna səbəb peyvəndin saxlanma şəraiti və tələbatdır”
Məlum olduğu kimi, ötən həftə cari epidemioloji vəziyyəti nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən 16 yaşdan yuxarı yeniyetmələrin “Pfizer” vaksinləri ilə peyvənd olunması qərarı qəbul edilib. Buna baxmayaraq, bölgələrdə hələ də “Sinovac”, “Coronavac” vaksinləri əhaliyə tətbiq edilir. Bölgələrin bir çoxunda koronovirusa görə vaksin olunmaq üçün poliklinikaya müraciət edənlər “Pfizer” peyvəndindən istifadə etmək istəsələr də, buna nail ola bilmirlər. Çünki əksər bölgələrdə “Pfizer” peyvəndi yoxdur. Maraqlıdır, bölgələrdə “Pfizer” vaksini niyə yoxdur?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, “Pfizer” peyvəndi bölgələr üzrə yaradılmış regional mərkəzlərdə vurulur. Buna səbəb peyvəndin saxlanma şəraiti və tələbatdır. Həmin peyvənd saxlama şəraiti olmayan bölgələrə göndərilmir: “Pfizer” peyvəndi üçün 5 regional mərkəz yaradılıb. Bunlar Gəncə, Quba, Bərdə, Lənkəran və Şəki xəstəxanalarıdır. Digər rayonlarda yaşayan vətəndaşlar onlara yaxın olan regional mərkəzlərə müraciət edə bilərlər”.
İnfeksionist Nicat Əzimli qeyd etdi ki, “Pfizer” hazırda dünyada ən effektiv vaksindir: “Sinovac”ın zəif olduğunu biz görürük. Xəstəliyin ağırlaşmasından hər kəsi qoruya bilmir. Böyük bir əhali qrupuna öz müsbət təsirini göstərsə də, xüsusilə “Delta” variantına yoluxanlarda ağırlaşmalar çox müşahidə olunur, “Pfizer” isə bu cəhətdən üstündür. “Pfizer” daha effektiv olmaqla yanaşı, dünya ölkələri tərəfindən də tanınır. Bir məsələ var ki, “Pfizer” vaksini bütün bölgələrdə yoxdur və problemin həll olunması yaxşı olardı. Ümidvaram ki, gələcəkdə bu proses bölgələrdə həyata keçiriləcək”.
Günel CƏLİLOVA