İkinci Qarabağ müharibəsi milli dövlətçilik və hərb tariximizin şanlı və qürurverici səhifəsinə çevrildi. Azərbaycanın öz torpaqlarını işaldan azad etmək uğrunda apardığı 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın vandal hücumları nəticəsində mülki əhali və sahibkarlara ziyan dəydi. Ermənistanın mülkilərə və yaşayış məntəqələrinə tuşlanan atəşi nəticəsində cəbhəyanı kəndlərdə də vətəndaşların min bir əziyyətlə tikdiyi evlərə külli miqdarda zərər dəydi. Mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı problemlər də hələ yaşanır. Baxmayaraq ki, Prezident İlham Əliyev bu zərərin hesablanması və ödənilməsi ilə bağlı sərəncam imzalayıb.
Onu da qeyd edək ki, İkinci Qarabağ müharibəsində evlərinə ziyan dəyən vətəndaşlara kompensasiya verilib, həmçinin Beynəlxalq Qızıl Xaç komitəsi tərəfindən hər ailəyə 1000 manat maddi köməklik edilib.
Ancaq hələ də 44 günlük Vətən müharibəsi zamanı mülki əhaliyə dəymiş ziyanın ödənilməsi, evlərin təmir edilməsi ilə bağlı problemlər yaşanır. Tərtər rayonunun Seyidli kəndində yaşayan 23 ailə isə müharibədə evlərinə ziyan dəydiyini, amma kompensasiya ala bilmədiklərini iddia edir. Sakinlər bildirir ki, müharibə zamanı ermənilən tərəfindən atılmış mərmilərdən evlər zərər görüb: “Evlərdə çatlar əmələ gəlib. Dəymiş ziyanın ödənilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət etsək də, problem hələ də həll olunmayıb”.
“İşçi Qrup tərəfindən aparılan baxış zamanı 75 evdən 23-ü qənaətbəxş hesab olunub və həmin evlərə kompensasiya verilmir”
Məsələ ilə bağlı Tərtər Rayon İcra hakimiyyətindən bildirildi ki, 44 günlük Vətən müharibəsi zamanı Seyidli kəndi ən az mərmi düşən ərazi sayılır: “Adıçəkilən kənddən 75 nəfər evinə ziyan dəyməsi ilə bağlı icra nümayəndəsinə müraciət edib. İşçi Qrup tərəfindən aparılan baxış zamanı 75 evdən 23 ev qənaətbəxş hesab olunub. Qənaətbəxş hesab olunan evlərə kompensasiya verilmir”.
Günel CƏLİLOVA