Məlum olduğu kimi, iyunun 8-dən etibarən Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədilə “Pfizer” vaksininin istifadəsinə başlanıb. O da məlumdur ki, Azərbaycanda əhaliyə Çin istehsalı olan “Sinovac” və Rusiyanın “Sputnik V” peyvəndləri də vurulub.
Bugünə qədər 7 milyondan çox şəxs peyvəndlənib. Bu göstərici ilə Azərbaycan MDB ölkələri arasında ilk sırada dayanır.
Araşdırmalara görə, “Pfizer-BioNTech” “COVID-19”a qarşı ən etibarlı və təsirli vaksin sayılır. ABŞ, İsrail, Böyük Britaniya kimi ölkələrdə əhalinin peyvəndlənməsində əsasən bu vaksindən istifadə olunub. Ona görə də Azərbaycanda da bu peyvəndə maraq böyükdür. Lakin “Pfizer” vaksini ilə bağlı bu günlərdə sosial şəbəkələrdə narahatedici post paylaşılıb. Belə ki, xaricə səfər edən “Pfizer” vaksini vurulmuş Azərbaycan vətəndaşlarının vaksin pasportunun tanınmaması ilə bağlı məlumatlar yayılıb. Buna səbəb isə pasportda “Pfizer” peyvəndinin hər iki dozasında eyni kodun yazılmasıdır.
Bildirilir ki, əslində bu kodlar fərqli olmalıdır, əks halda bu, bir doza vaksin olunmuş sayılır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: “Vətəndaşa eyni partiyadan olan vaksin vurulduqda birinci və ikinci dozaların seriya nömrələri eyni ola bilər”
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirildi ki, vətəndaşa eyni partiyadan olan vaksin vurulduqda birinci və ikinci dozaların seriya nömrələri eyni ola bilər: “Azərbaycan Respublikasına COVID-19 xəstəliyi əleyhinə vaksinlər mərhələli şəkildə gətirilir. “COVID-19 vaksin sertifikatı”nda qeyd olunan seriya nömrələri ölkəyə gətirilən vaksin partiyalarının nömrələrini bildirir. Vətəndaşa eyni partiyadan olan vaksin vurulduqda “COVID-19 vaksin sertifikatı”nda da birinci və ikinci dozaların seriya nömrələri eyni olur”.
Pərvanə Mustafayeva: “Eyni partiyadan olan vaksinin nömrəsi eyni ola bilər”
Həkim Pərvanə Mustafayeva bildirdi ki, bu gün dünyada xeyli sayda peyvənd növləri var: “Pfizer” peyvəndi ən yaxşılardan biri sayılır. Çünki sözügedən peyvənd molekulyar biologiyanın ən müasir üsulları ilə hazırlanıb. Həmçinin mutasiya olunmuş koronavirusun S zülalının birləşdirilməsi ilə əmələ gəlib.
Seriya nömrəsinin eyni olmasına gəlincə, həkim bildirdi ki, eyni partiyadan olan vaksinin nömrəsi eyni ola bilər.
Günel CƏLİLOVA