Fiziki məhdudiyyətli əhali qrupunun bir hissəsini görmə məhdudiyyəti olanlar təşkil edir. Cəmiyyətdə bu şəxsləri “dünyanı qəlbi ilə görənlər” adlandırırlar. Bu kateqoriyadan olan insanların rahatlığını təmin etmək məqsədilə onlar üçün Nərimanov rayonu Faiq Yusifov küçəsində bina tikilərək istifadəyə verilib.
Binanın sakinləri 3 ildir ki, təhlükə ilə üz-üzə qaldıqlarını bildirir. Belə ki, görmə məhdudiyyəti olan insanlar üçün tikilən bina qəzalı vəziyyətdədir. Binanın fasadına vurulan aqlay daşları sökülərək ətrafa tökülür. Belə olan vəziyyətdə binadan qopan daşlar sakinlərə həyəcan yaşadır. İnsanların həyatı təhlükə altındadır. Binanın sakinləri hər gün bu qorxunc mənzərə və vahimə ilə qarşı-qarşıya qalıblar.
Sakinlər deyir ki, xüsusilə küləkli və yağışlı günlərdə həyətə düşmək mümkünsüz olur: “Binanın həyətində dayanmaq mümkünsüzdur. Uşaq və ya böyük üçün təhlükə hər an var. Məsələ ilə bağlı aidiyyəti qurumlara da dəfələrlə müraciət olunub. Ancaq problem hələ də həllini tapmayıb”.
Nərimanov Rayon İcra Hakimiyyəti: “Bina Bakı şəhər 2 saylı xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin nəzdindədir”
Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirildi ki, bina Bakı şəhər 2 saylı xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin nəzdindədir.
2 saylı xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi - Cavanşir Allahverdizadə: “Binanın qısa müddətdə qəzalı hala düşməsi tikinti işləri zamanı yol verilən səhlənkarlıqla bağlıdır”
2 saylı xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri Cavanşir Allahverdizadə isə qeyd etdi ki, yaranmış vəziyyətdən məlumatları var: “Binanın qısa müddətdə qəzalı hala düşməsi tikinti işləri zamanı yol verilən səhlənkarlıqla bağlıdır. Problemin aradan qaldırılması üçün Bakı Şəhər İcra hakimiyyətinə müraciət ünvanlanıb”.
Günel CƏLİLOVA